Bugünlərdə Azərbaycanda daha bir siyasi partiya dövlət qeydiyyatına alındı. Yeni Zaman adlanan partiya əslində 13 il əvvəl yaradılıb, amma qeydiyyatına məhz indi qərar verilməsi siyasi-mətbu çevrələrin diqqətini cəlb edib. Ötən müddətdə bu partiyanın rusiyayönümlü olması haqda iddialar da səslənib. Partiya sədri Musa Ağayevlə söhbətimizdə ona bu mövzularda suallar ünvanladıq:
– Bizim partiya 2007-ci ilin iyulunda yaradılıb. Həmin il avqustun 5-də sənədlərimizi Ədliyyə Nazirliyinə təqdim eləmişdik. Təəssüf ki, illərlə bizi qeydiyyata almadılar. Heç bir əsaslı səbəb də göstəmirdilər. Bu illərdə 20-dən çox yazışmamız olub, görüşlər keçirmişik. Burada söhbət Ədliyyə Nazirliyindən getmirdi, yuxarı strukturlardan mane olurdular. Aprelin əvvəlində məlum oldu ki, bizi qeydiyyata almaq fikirləri var. Sənədlərimizi yenidən təqdim etdik. Aprelin 15-də kollegiyanın qərarıyla qeydiyyata aldılar və bizə şəhadətnaməni təqdim etdilər.
– Yuxarıdan kim və niyə mane olurdu?
– Prezident Aparatında müəyyən adamlar vardı, onlar imkan vermirdi. Yəqin bilirsiniz kimlərdən söhbət gedir…
– Xeyr, bilmirik. Konkret kimləri nəzərdə tutursunuz?
– Ad çəkmək istəmirəm. Siyasi islahatlara mane olanlar… O adamlar prezident tərəfindən vəzifədən kənarlaşdırılıb. Sevindirici haldır ki, bu gün prezidentin apardığı kadr islahatları və siyasi islahatlar nəticəsində partiyanın qeydiyyat problem həllini tapdı.
– İslahatların səviyyəsi partiya olaraq, size qane edirmi?
– Ölkə rəhbərliyi siyasi dialoq, konstruktiv müxalifət, vətəndaş cəmiyyəti ilə əməkdaşlıq məsələsində mövqeyini ortaya qoyub. Bu da normaldır. İstənilən halda, konstruktiv dialoqun tərəfindəyik. Biz yalnız bu yolla inkişafı istəyirik. Radikallıq heç bir ölkəyə xeyir gətirməyib. Əlbəttə ki, dialoq da reallığa uyğun olmalıdır. Ölkədə islahatlar getməlidir. Və bu islahatlar artıq başlayıb. Ölkədə tək iqtisadi islahatlar yox, köklü siyasi, iqtisadi və məhkəmə islahatları aparılmalıdır. Hakimiyyət də deyir ki, ölkədə köklü islahatları davam etdirmək fikrindədir. Biz bunu alqışlayırıq. İstər demokratik institutların formalaşması, istər məhkəmələrin müstəqilliyi, istər iqtisadi sahədə problemlər var. Bunları həll eləmək lazımdır. İlk növbədə qanunun aliliyi təmin olunmalıdır. Demokratiya anarxiya yaratmaq deyil. Demokratiya qanunun aliliyidir. Azərbaycanda demokratik qanunlar çoxdur. Sadəcə, onların icrası və mexanizmi olmalıdır. Hakimiyyət bölgüsünə əməl edilməlidir. İnsanlara təbliğat vasitəsilə aşılamaq lazımdır ki, biz xalq olaraq, xüsusini ümuminin içində axtarmalıyıq. Ümumi maraqlar təmin edilməlidir ki, hər bir vətəndaşın xüsusi marağı da onun içində olsun. Bu da qanunun aliliyindən, demokratiyadan irəli gəlir.