Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə qarşı aparılan bir kampaniya var və Agentlik hər dəfə müsabiqənin nəticələrini açıqlayanda şiddətli hücumlarla üzləşir. Hər dəfə “nə baş verir” sualı yaranır, xüsusilə QHT sektorundan fərqli olaraq, bu sektorda olmayanlar – ümumi ictimai rəy bu sualın cavabını axtarır.
Hücumların istinad nöqtəsi olan iddialara nəzər yetirdikdə, elə təsəvvür yaranır ki, agentlik “ədalətsiz” mövqedən çıxış edir, hətta fəaliyyət belə göstərmir. Halbuki, ölkədə həyata keçirilən islahatlar fonunda baş verən dəyişikliyin, yaradılan agentliyin missiyası bu ittihamlar üçün heç bir əsas vermir. Axı bu qurum məhz QHT sektorunda şəffaflığın təmin edilməsi, ədalətin bərpası üçün yaradıldı.
Əslində bütün baş verənlərin açar nöqtəsi də buradadır və agentliyi müxtəlif iddialar üzərindən ittiham yağışına tutanların kimliyinə nəzər yetirdikdə hər şey aydın olur.
Agentlik bu sektoru “qara bazara” çevirənlərin “bazarını” bağladığı üçün hücuma məruz qalır. Məsələnin mahiyyətində məhz bu dayanır. Sirr deyil ki, əvvəlki dövrdə QHT sektorunu şəbəkələşmiş qruplar varıydı və onlar müxtəlif əlaqələrdən və imtiyazlardan istifadə edərək, dövlət büdcəsindən vətəndaş cəmiyyətinin inkişafına ayrılan vəsaitələri bölüşdürməklə məşğul idilər. Klassik mexanizmdir: qrant müsabiqələrində bəlli şəxslərin layihələri “qalib” elan edilir, daha sonra həmin şəxslər onları “qalib” edənlərə ayrılan vəsaitdən “haqq” ödəyir. Əslində QHT sektoruna dövlət dəstəyi ilə bağlı islahatlara başlanması və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yaradılmasının səbəbi də bu sahəni şəffaflaşdırmaq, mövcud qanunsuzluqları aradan qaldırmaq, vətəndaş cəmiyyəti institutunun inkişafı strategiyasını doğru yerinə yetirmək məqsədi daşıyırdı.
Agentlik fəaliyyətə başlamasından qısa müddət ərzində bununla bağlı ciddi nəticələrə nail olub. Hər dəfə qrant müsabiqəsinin nəticələri göstərir ki, proses getdikcə daha da təkmilləşir, şəffaflaşır. “Şapka” mexanizmi sıradan çıxarılır, layihələrin qiymətləndirilməsi və seçimi tanışlıq və ya digər meyarlarla deyil, qoyulan şərtlərə uyğun həyata keçirilir, vətəndaş cəmiyyətinin inkişafına töhfə verəcək layihələrə daha çox üstünlük verilir.
Artıq eyni adamlar, eyni təşkilatlar bütün müsabiqələrdə “qalib” olmurlar, təqdim edilən layihələrin cəmiyyət və dövlət üçün əhəmiyyəti əsas meyar kimi qiymətləndirilir. Hər müsabiqədə fərqli təşkilatlar və layihələr qalib olur. Qiymətləndirmə məşhur “şapka” ilə yox, layihənin əhəmiyyəti, cəmiyyətə və dövlətə verəcəyi töhfə əsasında aparılır.