2022-сi il aprelin 12-də Yeni Suraxanı qəsəbəsi, “14 iyul” küçəsində yerləşən zibillik ərazidə 1953-cü il təvəllüdlü Natalya Popovanın meyiti aşkalanır. Dərhal hadisə ilə əlaqədar polis və prokurorluq əməkdaşları hərəkətə keçiblər. Onu qətlə yetirən nəvəsi, Bakı şəhər sakini 1999-cu il təvəllüdlü Murad İmanov saxlanılıb.
O etiraf edib ki, qadını bıçaq zərbələri ilə yaşadıqları Zərdabi küçəsi, ev 12, mənzil 4-də öldürüb. Sonra isə meyiti əl arabasına qoyaraq, zibillə gətirib və orda tullayıb.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Natalya Popovanın meyitində 9 ədəd bıçaq yarası aşkar edilib.
Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, aprelin 9-da İrina Popova Suraxanı rayon Polis İdarəsinin 31-ci PB-nə müraciət edərək, oğlu Murad İmanovun onu öldürməklə hədələməsi və yaşadıqları evin məişət əşyalarını satmasını bildirib. Murad anası tərəfindən verilmiş şikayət ərizəsinin geri götürülməsinə nail olmaq üçün aprelin 11-i saat 15 radələrində yaşadıqları mənzildə bıçaqla nənəsi Natalya Popovanın boynuna zərbə vurub. Aldığı xəsarətdən ağrı və iztirab çəkməklə, öldürülməməsinə dair yalvarışlarına məhəl qoymayan Murad İmanov müstəsna dərəcədə rəhmsizliklə qadının üzünə və başına zərbələr endirib. İstifadə etdiyi bıçaq əyildiyindən, mətbəxin divarında asılmış digər kəsici aləti götürüb, zərbələr vurmaqda davam edib. Bu hərəkəti ilə, Murad İmanov zərərçəkmişi xüsusi amansızlıqla qəsdən öldürüb.
İş üzrə dindirilmiş Murad İmanov bildirib ki, anası İrina və nənəsi Natalya ilə birlikdə Zərdabi küçəsi, ev 12, mənzil 4-də yaşayıb. 3 yaşı olanda atası ilə anası boşanıb:
“Əvvəllər fərdi qaydada tikintilərdə fəhlə, müxtəlif restoranlarda aşpaz işləsəm də, son vaxtlar heç yerdə işləmirdim. Anam Montin qəsəbəsində, gözəllik salonunda saç ustası işləyir. 2019-cu ilin axırlarında işləmək üçün Türkiyəyə getdim. Təxminən 8 aydan sonra Bakıya qayıdanda nənəmlə anamın mənim evdə yaşamağımı istəmədiklərini hiss etdim. Sərbəst insan olaraq, istədiyimi edirdim, böyüklərin sözlərinə qulaq asmırdım.
Murad İmanov
Evlənib ailəmlə birlikdə hadisə baş verən ünvanda yaşamaq, nənəm və anamın isə Bakıxanov qəsəbəsindəki evə köçməklərini istəyirdim. Amma nənəmgil bununla razılaşmadılar. Buna görə də aramızda daim mübahisələri baş verirdi. Aprelin 6-da pula ehtiyacım olduğu üçün evdə olan kondisoneri internet vasitəsi ilə 250 manata tanımadığım şəxsə satdım. Bunu bilən nənəm və anam barəmdə polisə şikayət etdilər və məni evdən qovdular. Binanın qarşısında, istifadəmizdə olan hamamda yerə döşək salıb, orda gecələdim. Hadisə baş verən günə kimi hər gün onlara, “şikayətinizi götürün və evdən çıxın, mən özüm burda ailə həyatı qurub yaşayacağam”, - deyirdim. Aprelin 11-də həyətdə olanda anamın işə getdiyini gördüm. Bundan sonra çay içmək üçün evə getdim. Nənəm məni içəri buraxmadı, dəhlizdə gözlətdi. Özü çay süzərək, gətirib mənə verdi. İkinci dəfə evə qalxanda, nənəmə corablarımı dəyişmək istədiyimi söylədim. Mətbəxdə olanda, qadına “axırıncı dəfə sənlə ciddi danışmaq istəyirəm, gedin şikayətiniz geri götürün, yoxsa pis olacaq”, dedim. Nənəm isə sanki lağ edirmiş kimi, sözlərimi ciddiyə alımadı. Gülümsəyərək “sən heç nə edə bilmərsən, səni polisə verəcəm” söylədi. Ciddi olduğumu nəzərinə çatdırmaqdan ötrü, bıçaqla nənəmin boğazına ilk zərbəni vurdum. Qadın yerə çöküb oturdu. Boğazından təzyiqlə qan gəldiyini görüb geriyə yol olmadığını başa düşdüm və bıçaqla qadının boğazına xatırlamadığım sayda xəsarətlər yetirdim. Bıçaq əyildi. Nənəmin ölmədiyini görüb, digər bıçağı götürdüm və zərbələr endirməkdə davam etdim. Qadının öldüyünü gördükdən sonra, göz qapaqlarını əlimlə bağladım. Sonra evi təmizləyib həyətə düşdüm. Anbar kimi otaqdan 2 ədəd mələfə götürüb geri qayıtdım. Meyiti evdən çıxarıb gizlətməyi düşündüm. Əyilən bıçağı zibil vedrəsinə atdım, digərini yuyub yerinə qoydum”.
Nənəsinin meyitini atdığı zibillik
Cəsədi mələfələrə bükərək, aşağı düşürüb və həyətdə olan 2 təkərli əl arabasına qoyub. Evdən təxminən 2 km aralıda, yaşayış evləri bitdikdən sonra, zibillik ərazidə meyiti arabadan düşürüb:
“Heç kim görməsin deyə üzərini daşlarla örtdüm. Meyiti gizlədib həyətə qayıdanda İlqar adlı xalam nəvəsini gördüm. İlqar üzümə yumruqla zərbələr vuraraq, nənəmin yerini soruşdu. Mən isə heç nə bilmədiyimi dedim. Evə qalxanda, xalam zibil vedrəsində olan bıçağı göstərib, “qadının harda olmasını?” soruşdu. Cavab olaraq xalama ”məndən niyə soruşursunuz, gedin axtarın, verin polisə” dedim. Həmin gün mərhuma məxsus telefonu Nərimanov rayonunda, tanımadığım şəxsə 50 manata satdım. Anam nənəmin itkin düşməsi ilə əlaqədar polisə məlumat verdi. Əvvəl polis əməkdaşlarına heç nə demədim. Amma ayın 12-də növbəti dəfə sorğu-sual olunarkən, qadını öldürdüyümü etiraf etdim. Daha sonra polis və prokurorluq əməkdaşları mənim iştirakımla hadisə yerinə baxış keçirdilər. Nənəmi öldürdüyüm və gizlətdiyim yeri göstərdim”.