Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da Dünya Taekvondo Federasiyasının prezidenti Çunqvon Çunu qəbul edib.
Pravda.az xəbər verir ki, dövlətimizin başçısı Çunqvon Çu ilə görüşlərini məmnunluqla xatırlayaraq, Dünya Taekvondo Federasiyasının 50 illiyi münasibətilə təbriklərini çatdırıb.
Görüşdə taekvondo üzrə 26-cı dünya çempionatının Bakıda keçirilməsinin önəmi vurğulanıb.
Çunqvon Çu bu tədbirin yüksək səviyyədə təşkil olunduğunu məmnunluqla bildirərək qeyd edib ki, 144 ölkənin nümayəndəsinin iştirakı ilə keçirilən bu idman yarışı taekvondo tarixində ən böyük çempionatdır. Qonaq bu çempionatın Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinin qeyd olunduğu dövrə təsadüf etməsinin rəmzi məna daşıdığını vurğulayıb.