“Azərbaycanda axırıncı dəfə jurnalistə təzyiq göstərən, tribunadan Nəcəf Nəcəfovu prokurorla, məhkəmə ilə hədələyən ölkə rəhbəri – Əbdürrəhman Vəzirov olub. Sonrakı dövrlərdə heç bir dövlət başçısı, xüsusən ümummilli lider Heydər Əliyev və cənab Prezident İlham Əliyev jurnalistlərin dostu olaraq onlara hər hansı təzyiqin göstərilməsinə imkan verməyib, daima müdafiə ediblər”. Konkret.az xəbər verir ki, bunu yazıçı-publisist, Əməkdar jurnalist Akif Əli “Konkret.az” saytının baş redaktoru Fadil Paşayevi Şamaxı rayon İH-in şöbə müdiri Mərdan Nəhmətovun məhkəməyə verməsinə münasibət bildirərkən deyib.
O, müxbiri rayonla bağlı araşdırma yazısına görə sıravi əyalət məmurunun məhkəmə vasitəsilə cəzalandırmaq istəyini, üstəlik, kobudluqla hədələməsini kəskin pisləyib: “Tanınmış və istedadlı jurnalist Fadil Paşayevin yüksək səviyyəli dövlət tədbirlərinin işıqlandırılmasında göstərdiyi peşəkarlığa görə fəaliyyəti həmişə təqdir olunub. Uzun illər rəsmi mətbuatda və KİV-də uğurla çalışan, qəti dövlətçilik mövqeyindən çıxış edən, son illər isə nüfuzlu müstəqil media orqanına bacarıqla rəhbərlik edən Fadil Paşayev ölkədə azad sözün, demokratik medianın inkişafına vicdanla xidmət edən jurnalistlərdəndir.