""Nə gözəldir bu dünya" filmində nəhəng aktyorlarla tərəf müqabili olmuşam. Həsən Turabov, Rasim Balayev, Yaşar Nuri ilə birgə çəkilmək, inanın ki, 24 yaşlı bir gənc aktrisa üçün çox məsuliyyətli bir iş idi. Görkəmli kinorejissor Eldar Quliyevin köməkçisi dedi ki, "sizi filan rola dəvət edirik, gəlin". Onlar mənim bir neçə filmimi görmüşdülər. Bu mənim üçün böyük bir şans idi. İncəsənət universitetinə qəbul olunanda dekanımız Məmmədşah müəllim mənə demişdi ki, "sən universitetin darvazasından içəri daxil olanda, mən həmişə deyirəm ki, Şəfiqə Məmmədovanın davamçısı gəlir". O fakturanı, o səs tembrini yəqin ki, oxşatmışdılar".
Pravda.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında tanınmış aktrisa Sonaxanım Əliyeva deyib. Sənətçi bildirib ki, qızını heç vaxt aktrisa olmağa qoymaz.
"Qızımı aktrisa olmağa qoymaram. Amma nə xoş mənə ki, o mənim sənətimi, yolumu seçmədi. Çünki "Pərvanələrin rəqsi" serialında mənim həyatdakı qızım, roldakı qızımı da oynamışdı. Təcrübəsi olsa da, yuxusuz gecələr, çətinliklər onu qorxutdu. Aktyor hər bir şəraitə uyğunlaşmalıdır. İstidirsə istiyə, soyuqdursa soyuğa. Qızım mənə dedi ki, "ana, bəlkə də çoxları elə bilir ki, sizin sənətiniz asan sənətdir, amma ən əziyyətli və qiymətləndirilməyən sənətdir". Mən bu fikirlə razıyam. Tamaşaçılar məni sevir, hara gedirəmsə çox gözəl qarşılayıb, yola salırlar. Amma nə seriallarda, nə də ki, filmlərdə qonorarlar yüksək deyil. İnanıram ki, bu da düzələcək" deyə sənətkar bildirib.
Aktrisa bildirib ki, tanımadığı insanlardan şam yeməyinə dəvətlər də alır.