Mayın 23-26 tarixində Almaniyanın paytaxtı Berlin şəhərində Avropa Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) qurultayı keçirilib.
Pravda.az xəbər verir ki, tədbirdə 400-ə yaxın nümayəndə iştirak edib. Ölkəmiz Qurultayda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının və Pan Avropa Regional Şurasının vitse-prezidenti Səttar Möhbalıyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.
Öncə ev sahibi Almaniya Birləşmiş Həmkarlar İttifaqları Təşkilatının sədri Yasmin Fahimi qonaqları salamlayaraq tədbiri açıq elan edib. O, çıxışında dünyada gedən proseslər, o cümlədən Rusiya-Ukrayna müharibəsi və onun Avropaya təsiri, COVID-19-un sosial-iqtisadi sahədə törətdiyi fəsadlardan söz açıb. Bildirib ki, Avropa İttifaqında bəzi qanunlarda dəyişikliklər aparılmalı, elə iqtisadiyyat yaratmaq lazımdır ki, hamı bundan razı olsun. Bunun üçün də sosial tərəfdaşlarla daha sıx və müştərək iş aparılmalıdır.