Vətən müharibəsindən sonra qələbəni bayram edənlərin arasında ifrat emosionallıq edənlər, qazilərdən artıq qazi kimi görünmək istəyənlər az deyildi. Sonra həmin şəxslərin bəziləri köpüklü vətənpərvərliklərini Laçın-Xankəndi yoluna apardılar və Azərbaycanın qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə ekoloji fəalların aksiyasına qatıldılar. Yadınızdamı o aksiya?
138 gün ərzində onlarla vətəndaşımız yolda Vətənin daşına dönərək kəs olmayan kəsəklərin qarşısını aldılar. Onlar Ermənistandan Xankəndinə silah-sursat, əks istiqamətdə də erməni separatçıların yurdumuzun talan etdikləri təbii sərvətlərini daşımasına imkan vermədilər.
Sözün əsl mənasında, bütün dünya bu aksiyadan agah oldu və anladı ki, rusiyalı sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdə yaşayan erməniləri girov saxlayan terrorçu xuntanın qarşısını dinc piketlə almaq mümkündür.
Aksiya iştirakçıları yolu bağlamamışdılar - separatçıların radikalizm və aqressiya kitabını bağlamışdılar.
Amma bütün yaxşı işlərdə olduğu kimi, bu olayın da kölgələrində daldalanmaq, faydalanmaq istəyənlər olmalı idi, oldu da.
Həmin adamlar aksiyanı fürsət bilərək maraqlarını təmin etməyə çalışanlar, vətəndaşlığı Vətənin daşını evinin hasarına daşımaq istəyənlər idilər.

Cəmi bir gün və ya bir neçə saat aksiyaya qatılan, dərhal kameralar qarşısına keçərək "Mən də buradayam, unutmayın, nəzər alın" ismarıcı verənlər barədə hələ aylar əvvəl demişdim, yazmışdım və xəbərdarlıq etmişdim ki, bu insanlar mütləq sonradan səslərini qaldıracaq, Yurd davasını mədə davasına çevirməyə çalışacaqlar.
Səd heyf ki, belə də oldu - əslində, hadisələrin fərqli məcrada cərəyanı mümkün də deyildi.
İndi həmin adamlar Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin keçirdiyi qrant müsabiqəsinin nəticələrindən narazılıq edirlər.
Ol şəxslər Bakıda Prezident Administrasiyası önündə toplaşaraq "etiraz"larını bildiriblər. Onların yarısı dövlət büdcəsindən qrant qismində ayrılmış vəsaitin azlığından, yerdə qalanı isə qrant almadıqlarından narazılıq ediblər.
Deyirlər ki, bəs Laçın-Xankəndi yolunda keçirilən, yolun o başında yeni Azərbaycan gömrük-keçid məntəqəsi tərəfindən ixtisar edilməsindən sonra başa çatan etiraz aksiyasında iştirak ediblər.
"Ermənilərin və rusların qarşısında durduq!" deyərək özlərini xəyallarında az qala Şuşa fatehləri, qazilər, ən "minimal" halda isə 44 günlük Vətən Müharibəsinin iştirakçıları hesab edən bu adamların narazılığının bəsit adı var: PUL DAVASI.
Bakıdakı "izhari-etiraz"da onların dedikləri də absurd təsiri bağışlayıb.
Qrant müsabiqəsi ilə Laçın-Xankəndi yolundakı dinc aksiya arasında heç bir əlaqə olmasa da, pul davası döyənlər həmin aksiyada "fəal iştirak" edərək dövlətə və millətə göstərdikləri sədaqətə görə mükafatlandırılmalı olduqlarını uca səslə deyiblər.
Məsələn, etirazçılardan biri - "Əsgər Ailələrinə Dəstək İctimai Birliyi"nin sədri Mətanət Əsgərqızı ərz edib ki, bəs onun təşkilatına Qarabağın əsas şəhəri olan Şuşa mövzusunda rəsm müsabiqəsi üçün cəmi 8000 manat ayrılmasından üzüldüyünü bildirib.
Bir daha oxuyun: rəsmi müsabiqəsinə 8 min ayrılıb, adam narazıdır.
Mətanət Əsgərqızı həmin layihə çərçivəsində nə etməyi düşünürdü ki? Olmaya Şuşada dünyaca məşhur Benksinin strit-art əsərləri nümayiş olunacaqdı? Yoxsa Əsgərqızı şəhərə Andrea Kouçu, Piter Doyqu, Antonio Finellini, Helen Flokhartı və ya Voysex Babskini dəvət edəcəkdi?