“Babam Səməd Vurğunun təkidindən sonra Yazıçılar Birliyinə üzv olub, deyirdi ki, mən həvəskaram...”
Cəfər Cabbarlının nəvəsi, Cəfər Cabbarlının ev muzeyinin direktoru, Qəmər Bağırova (Seyfəddinqızı) Moderator.az saytının suallarını cavablandırıb.
- Qəmər xanım, siz Seyfəddin Dağlının qızı, Cəfər Cabbarlının nəvəsisiz. Dahi şəxsiyyətlərin ailəsində dünyaya göz açmaq necə bir hissdir?
- Böyük şəxsiyyətlərin yadigarı olmaq əlbəttə ki, mənim üçün qürurverici bir hissdir. Həm də çətindir. Bu fəxrlə yanaşı, insandan çox böyük məsuliyyət tələb edir. Elə bir hadisə baş verə bilər ki, hamı ona adi bir iş kimi baxa bilər, amma belə insanların övladı olanda adi bir işə də başqa cür yanaşırlar. Biz də çalışırıq ki, onların adlarına layiq olaq, öz işimizdə bu məsuliyyəti daha dərindən hiss edək.
- Siz Cəfər Cabbarlının ev muzeyinin direktorusunuz. İstərdim bu fəaliyyətinizdən də danışaq.
- Cəfər Cabbarlının ev muzeyi 40 ildən artıqdır ki, fəaliyyət göstərir. Demək olar ki, mədəniyyət mərkəzinə çevrilib. Bu illər ərzində bu böyük şəxsiyyətlə bağlı bir çox tədbirlərimiz də olub. Onun özünə, ailəsinə aid olan eksponatları, nadir sənədləri, arxiv nüsxələri çalışırıq ki, qoruyaq. Bizdə səhnə əsərlərinin afişaları, eskizləri qorunub saxlanılır. 10 mindən çox eksponatımız var. Cəfər Cabbarlı ilə bağlı kim maraqlanırsa, ilk olaraq bizə müraciət edir. Biz də müraciət edən insanlara, jurnalistlərə, televiziya işçilərinə bacardığımız qədər köməklik göstəririk. Cabbarlının həyatı ziddiyətli olduğu üçün, hər zaman insanlarda maraq doğurub.
- Cabbarlının övladlarına olan münasibəti haqda nə danışa bilərsiniz?
- Bir oğlu və bir qızı olub. O yazı işlərinin çoxluğundan balalarına həsrət qalıb. Nənəm deyirdi ki, işi-gücü həmişə teatrla bağlı idi. Cabbarlı həm də xarici ölkələrdə keçirilən olimpiadalarda iştirak edirdi. O qədər işlərinin arasında anama məktublar da yazırmış. Yazıb ki, “Gülarə qızım, böyümüsən, barmaqlarını məktubun üzərində görmüş kimi oldum”. Məktubları çoxlu-çoxlu öpüb. Oğluna tövsiyyələr edirmiş ki, məhəllədə heç kimlə dalaşmasın. Gələndə də məhəllədə nə qədər uşaq varsa, hamısına hədiyyə alıb gətirib.
- Sizcə Cəfər Cabbarlının əsərlərinin sirri nədədir?
- Cəfər Cabbarlı yeni bir insan idi. Əsərləri də çox müasir idi. Novator bir şəxsiyyət kimi zamanı qabaqlayırdı. Bəlkə də o heç zamana sığmırdı. Gələn il onun 125 yaşı tamam olacaq. 35 il yaşayıb. Bu illərin də 21-22 ilini ədəbiyyata, yaradıcılığa həsr edib. “1905-ci ildə” əsərini 1931-ci ildə qələmə alıb. Həmin əsərdə erməni-müsəlman müharibəsinin izləri var. Bütün bu mövzular Cabbarlını həmişə düşündürüb. O bu əsərləri uzaqgörən insan kimi, bir siyasətçi kimi qələmə alıb. Bəlkə də bilirdi ki, bu hadisələr davam edəcək. Qadın azadlığı, müharibə və s. elə bir mövzu yox idi ki, onu düşündürməsin, narahat etməsin. Ona görə də onun əsərləri öz marağını saxlayır, oxucu kütləsi ildən-ilə artır. Dili də çox sadə idi, ona görə də oxuculara çox yaxın olub.
- Yazıçılar Birliyinə gec üzv olması nə ilə bağlı olub?
- Cəfər Cabbarlı 1934-cü ildə rəhmətə gedib. Yazıçılar Birliyinə də elə həmin il üzv olub. Özü istəməyib. Səməd Vurğun ona deyib ki, “Cəfər, sən gərək üzv olasan ki, biz səni Rusiyaya sovet yazıçılarının birinci qurultayına göndərək”. O da deyib ki, mən yazıçı deyiləm, özüm üçün yazan həvəskaram. Onlar Cəfərin Rusiyaya getməsini çox istəyiblər. Çünki rus dilini yüksək səviyyədə bilib. Yazıçılar Birliyinə üzv olmaq haqqında sənəd bizdə indi də durur. Rusiyadakı qurultayda da demişdi ki, “yazıçı yazanda Tolstoy kimi yazmalıdır”. Sifarişlə yazmaq olmaz. Sonra onun çıxışını başqa cür çap etmişdilər. Rəsmi qurumlara da çağırmışdılar. Cabbarlı 37-ci ilə çatmamışdı. Çatsaydı, onu da repressiya edəcəkdilər.
- Həqiqətənmi Cəfər Cabbarlının beyni çıxarılaraq Leninqrada aparılıb?
- Bu haqda mənə son illər çox sual verilir. Bilirsiniz ki, Cəfər Cabbarlı təkcə yazıçı olmayıb, o eyni zamanda həm də ictimai xadim idi. Hətta 1918-ci ildə demokratik respublika quruluculuğunda fəal iştirak edib. Ömrünün sonuna qədər öz əqidəsindən dönməmişdi. Baxmayaraq ki, onu Sovet yazıçısı kimi təqdim edirdilər. Hələ Sovet dövründə yazdığı əsərlərdə də açıq deyə bilmədiyi fikirləri, öz əsərlərində oxuculara çatdırmağa çalışırdı. Başa düşən başa düşürdü. Belə bir söz gəzirdi ki, Cəfər Cabbarlının beyni Leninqradda saxlanılır. Yəqin ki, belə bir şey olub. Sözün düzü anam uzun müddət bu haqda heç bir şey danışmayıb. Bu onlar üçün də, mənim üçün də çox ağır bir mövzu idi. Ya Sibirə sürgün etdilər, ya da ki, bu cür cəzalandırdılar. Bunların ikisi də eyni şeydir. Hərhalda, əgər belə bir şey varsa, istərdik ki, onu gətirib Azərbaycanda torpağa basdırsınlar. O həqiqətən də fenomenal şəxsiyyət idi. Onun iş rejiminə baxanda adam təəccüblənir ki, bu qədər qısa zaman ərzində insan necə sürətlə işləyib. Bu işi görənlər də Cəfər Cabbarlının fenomenal bir şəxsiyyət olduğunu bəhanə edərək ediblər.