“Piri babanın nağılını danışırlar, qışda qar, yayda cəhənnəm istisi, payızda yağış-leysan olacaq. Cəlal Şengör desin görək, zəlzələ hansı tarixdə olacaq. Zəlzələnin proqnozunu verən idinsə, Kahramanmaraşda insanları təxliyə edərdin. Gəlib mütəxəssislərin qarşısında proqnoz versin, ona sual verim, zəlzələni hansı parametrlərlə və nə zaman olacağını söyləsin”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bir müddət öncə Bakıda səfərdə ikən Azərbaycanda 7,5 bal gücündə zəlzələ olacağını deyən türkiyəli məşhur geoloq Cəlal Şengörün fikirlərinə münasibət bildirərkən deyib.
“Alp dağlarından tutmuş Himalay dağlarına qədər böyük bir seysmik qurşaq keçir. Gürcüstan, Ermənistan, İran, Türkiyə seysmik bölgədir və bu ərazilərdə zəlzələ olmalıdır. Azərbaycanın elə nöqtəsi varmı ki, orada yeraltı təkan baş verməsin? Əlbəttə, ölkəmiz aktiv bölgədir, hər gün hiss olunmayan zəlzələlər baş verir.