İki il əvvəl Türkiyədə qətlə yetirilən azərbaycanlı qanuni oğru Nadir Səlifovun (Lotu Quli) yaxın dostu, Belarus əsilli kriminal avtoritet Aleksandr Kuşnerovun (Saşa Kuşner) məhkəməsi başlayıb.
Pravda.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, prokurorluq Minsk Şəhər Məhkəməsində baş tutan prosesin qapalı keçirilməsi barədə vəsatət qaldırıb. Məhkəmə vəsatəti təmin edib. Saşa Kuşner özü də məhkəmə iclasında medianın iştirakını istəməyib. Bununla belə, prosesdə baş verənlər barədə bilgi almaq mümkün olub.
Məlumata görə, məhkəmə iclası başlamazdan öncə kriminal avtoritetə həyat yoldaşı və övladları ilə görüşməsinə şərait yaradılıb.
Bundan sonra prosesə start verilib. Əvvəlcə Saşa Kuşnerin bu vaxta qədər neçə dəfə məhkum olunduğu aydınlaşdırılıb. Məlum olub ki, kriminal avtoritet 6 dəfə məhkumluq həyatı yaşayıb. O, ilk dəfə 1982-ci ildə həbs olunub. Həmin vaxt Saşa Kuşner 3 il azadlıqdan məhrum edilib. 1985-ci ildə yenidən həbs olunan kriminal avtoritet barəsində ölüm hökmü çıxarılıb. Sonradan Belarus Ali Məhkəməsi ölüm hökmünü 15 il azadlıqdan məhrumetmə cəzası ilə əvəzləyib.