Xiromantiya. Bəlkə də bir çoxumuz bu ada nabələdik. Əl cizgilərini və bu vasitə ilə özümüz haqqında bir çox şeyləri öyrənən qədim bilgi sahəsi. O qədər qədim ki, tarixi antik Hindistana qədər gedib çıxır və qaraçılar vasitəsilə dünyaya yayıldığı bilinir.
Əlin içindəki xəttlər, çıxıntılar, qabarıqlıqlar, dərinlikləri və əlimizin, barmaqlarımızın forması bizim xəstəlikərimiz, vərdişlərimiz, xarakter və xüsusiyyətlərimiz, gələcəkdə yaşaya biləcəyimiz problemlərimiz barədə məlumat verir. Xalq dili ilə buna əl falı desək də, xiromantiya - yəni bu cizgilərin izinə düşmək bu qədər bəsit deyil. Belə ki, antik dövrdə filosoflar bunun haqqında geniş biliyə sahib olduğu kimi, hazırda da Kanadada, Hindistanda bəzi universitetlərdə bu sahə haqqında öyrənilir. Əldəki cizgilərin psixi və gizli anlamları olduğu barəsində elmi sübutlar olmasa da, insan əli onun sağlamlığı, şəxsi gigiyenası, peşəsi və vərdişləri haqqında ipucları verir. Buna boş şeydi deyənlər də var, maraqlanıb səbəbini öyrənənlər də, hətta bu sahənin dərinliklərini öyrənən xiromantlar da.