Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramının məqsədi muxtar respublikanın sosial-iqtisadi inkişafının sürətləndirilməsini və ölkə iqtisadiyyatına tam inteqrasiyasını təmin etməkdən ibarətdir.
Pravda.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramında qeyd olunub.
Dövlət Proqramında bildirilir ki, bu məqsədə nail olmaq üçün 2023-2027-ci illər üçün 11 prioritet istiqamət müəyyən olunub və Dövlət Proqramının həyata keçirilməsi ilə bağlı icrası planlaşdırılan bütün tədbirlər həmin prioritet istiqamətlər üzrə qruplaşdırılıb. Belə ki, Naxçıvan Muxtar Respublikasının iqtisadi-coğrafi mövqeyindən, təbii ehtiyatlarından, sosial-iqtisadi potensialından və tranzit imkanlarından səmərəli istifadə etməklə mövcud çatışmazlıqların aradan qaldırılması və iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı tədbirlər sözügedən prioritet istiqamətlər nəzərə alınmaqla gerçəkləşdiriləcək.
Proqramda prioritet istiqamətlərdən biri əlverişli biznes mühitinin yaradılmasıdır. Naxçıvan Muxtar Respublikasında iqtisadi inkişafın sürətləndirilməsi və iqtisadi canlanmanın təşviqi üçün əlverişli biznes mühitinin formalaşdırılması bu sahədə prosedurların sadələşdirilməsi və asanlaşdırılması məqsədilə tədbirlərin icrası vasitəsilə həyata keçiriləcək. Burada azad iqtisadi zonanın yaradılması ticarət və logistika imkanlarını genişləndirməklə Naxçıvan Muxtar Respublikasının investisiya cəlbediciliyini artıracaq və iqtisadiyyatın inkişafına əhəmiyyətli töhfə verəcək.