Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi saxlama yerlərinə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmələr davam etdirilir.
Pravda.az xəbər verir ki, Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində (MPM) BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu və “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununun tələblərinə uyğun təşkil olunmuş növbəti başçəkmədə məqsəd müəssisədə saxlanma şəraiti və rəftar məsələlərinin, saxlanılan şəxslərin hüquqlarının təmin edilməsi vəziyyətinin araşdırılmasından ibarət olub.
Başçəkmə zamanı bu il may ayının 26-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonunun Rəzdərə kəndi ərazisindən keçən hissəsində Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması və digər qanunsuz əməllərin törədilməsi ilə bağlı saxlanılmış və məhkəmə qərarı ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu - Hovagimyan Harut Yuriki və Qazaryan Karen Aşoti qəbul edilib.