2022-ci il mayın 17-də Suraxanı rayonu Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsində qətl hadisəsi baş verir. Polis və prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirərkən yük avtomaşının yanında, üzərində çoxsaylı bıçaq xəsarətləri ilə 1978-ci il təvəllüdlü Qabil Qəmbərovun meyitini aşkar ediblər.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Qabil Qənbərovun meyitində 6 ədəd bıçaq yarası aşkar edilib.
Səhərisi gün 31-ci Polis Bölməsinə könüllü gəlib, təslim olan 1987-ci il təvəllüdlü Taleh Heydərov adam öldürdüyünü etiraf edib və cinayətin aləti olan bıçağı təqdim edib.
Lent.az qətl hadisəsinin istintaq materillarını əldə edib.
İstintaqla müəyyən edilib ki, mayın 17-də Taleh Heydərovla qeyri-rəsmi arvadı Aytac Səfərovanın atası Qabil Qənbərov arasında mübahisə olub. Q. Qənbərov Talehin mübahisə zamanı onun vəfat etmiş atasının ünvanına nalayiq ifadələr işlədib. Bu səbəbə görə Taleh yaşadığı evin həyətindəki bıçağı götürüb və saat 21 radələrində qayınatasına zəng edərək, onu Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, 148-də yerəşən marketin qarşısına çağırıb. Yol kənarında mübahisə edərkən bıçaqla Qabil Qənbərova 4 dəfə zərbə endirib. Qayınatası qaçıb xilas olmağa çalışarkən Taleh Qabilin belinə və döş qəfəsinə daha 2 dəfə zərbə endirib. Bununla da Q. Qənbərov ölüb.
İş üzrə dindirilmiş Taleh Heydərov bildirib ki, 2010-cu ildə ailə quraraq Naxçıvanda yerləşən hərbi hissədə gizir feldşer kimi işləyib. Birinci evliliyindən 2 övladı dünyaya gəlib:
“2015-ci il iyunun 15-də söyüş söydüyü üçün iş yoldaşımı bıçaqlamışam. Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə 940 manat cərimə cəzasına məhkum olundum. Buna görə məni hərbi xidmətdən təxris etdilər. 1 ay sonra ailəmlə birlikdə Gəncə şəhərinə köçərək, özəl klinikada işlədim.1 ildən sonra Bakı şəhərinə köçdüm. Müxtəlif özəl klinikalarda feldşer kimi çalışırdım. 2019-cu ildə atam dünyasını dəyişəndən sonra həyat yoldaşımdan boşandım. Narkotik vasitə aludəçisi olduğum üçün bir neçə dəfə müalicə olunmuşam. 2022-ci ilin fevral ayında anamın əmisi nəvəsi Aytac Səfərova ilə ailə quraraq, Ramana qəsəbəsində, Şuşa şəhərciyində yaşadım. 2022-ci il mayın 15-də qayınanamgildə təşkil olunan qonaqlıqda iştirak etdim. Aytaca masada olan telefonun dayısı Valehə məxsus olduğunu söylədim və telefonu babasına aparması üçün Valehin nəvəsinə verdim. Həmin vaxt arvadım da bunu gördü. Məclisin axırına yaxın Valeh telefonunu tapa bilmədiyi üçün, hamı telefonu axtardı. Nömrəyə zəng etsələr də, telefon sönülü idi. Valeh özü də telefonun enerjisinin az olduğunu bildirmişdi".
Ayın 17-i saat 19 radələrində işdən qayıdanda arvadı Aytacı qayınanasının evindən götürüb və taksi ilə evlərinə gediblər. Taleh yolda yoldaşının üz cizgilərindən problem olduğunu hiss edib, nə baş verdiyini soruşanda Aytac evdə söyləyəcəyini bildirib:
"Evdə arvadım 2 gün əvvəl qonaqlıqda dayısının telefonundan nömrəni çıxaran zaman, mənim evin önündə dayanan avtomobilin içərisindəki kameraya düşdüyümü dedi. Aytaca telefonu götürmədiyimi bildirərək, həmin görüntünü göstərməsini tələb etdim. Bundan sonra arvadımın telefonundan qayınanama zəng etdim. Qayınanam belə bir görüntünün olmadığını söyləsə də, onunla mübahisəmiz oldu. Əvvəllər qızıl üzüyü satmaq məsələsini yenidən xatırlatdıqda, qadına ailə məsələlərimə qarışmasını dedim. Bundan sonra mübahisə kəskinləşib, bir-birimizi təhqir etdik. Kənardan qayınatam Qabil də məni və dünyasını dəyişmiş atamı söydü. Bıçağı götürüb qaçaraq, evdən çıxdım və taksi ilə bacanağım Abbas Aslanlının yanına yolllandım. Mübahisə haqda Abbasa və onun anasına danışdım. Qohum olduğumuzdan belə söhbətlərin doğru olmadığını qayınatam və qayınanama izah etməkdə mənə kömək etməsini xahiş etdim. Birlikdə evdən çıxdıq. Yolda olanda Qabil Qənbərov Abbasa zəng edib bizi Bül-Bülə qəsəbəsində yerləşən marketin yanına çağırdı. Görüşəndə qayınatamın əsəbdən əsdiyini gördüm. Yolun əks tərəfinə keçib, yük maşınının qarşısında söhbət etdik. Abbas bizi sakitləşdirməyə çalışdı. Qayınatama “ailə məsələlərimə qarışdığı və atamı söydüyü üçün” iradımı bildirəndə, qayınatam mənim də qayınanamı təhqir etdiyimi bildirdi. Qabil qolumdan tutub məni boş sahəyə tərəf çəkəndə, bıçağı çıxarıb onun qollarına xəsarətlər yetirdim. Məndən bir neçə metr uzaqlaşan qohumuma çatıb belinə və sinəsinə zərbələr vurdum. Axırıncı zərbədən sonra bıçağı bədənindən çıxaranda Qabil arxaya getdi. Başı maşına dəydi və o, yerə yıxıldı. 30-40 metr qaçdıqdan sonra geri qayıtdım. Artıq insanların Qabilin ətrafına yığıldığını gördüm. Həmin gecə küçədə gecələdim. Növbəti gün Balaxanı qəsəbəsində 5 manata narkotik vasitə alıb qəbul etdim. Daha sonra yaşadığım evə qayıtdım.