Kanadalı alimlər tibb elmində böyük nailiyyətə imza atıblar. Belə ki, yanıq yaralarında pasiyentlərin ağrısını azaldacaq və xərçəngin müalicəsi zamanı xəstələrin müalicəsini rahatladacaq hidrogel sarğı materialı hazırlanıb.
Bu barədə Vaterloo Universiteti məlumat yayıb.
Bildirilir ki, çox ciddi şəkildə yanmış insanların müalicəsi zamanı davamlı olaraq sarğı dəyişilməlidir. Ancaq sarğı xəstə toxumaya yapışdığı üçün onu qoparmaq böyük ağrılar yaradır, bu səbəbdən müalicə problemli olur.
Bunun öhdəsindən gəlmək üçün Vaterlooda kimya mühəndisliyi professoru olan Boksin Çjao və onun həmkarları yeni bir polimer sarğı növü hazırlayıblar.
Yeni ixtirada 3D printerin köməyi ilə sarğı zərər görmüş dəri sahəsinin formasında hazırlanır. Bu, sarğının burun və barmaqlar kimi düzgün olmayan formalı səthlərlə yaxşı təmasda olmasına imkan verir.