Bu gün Xalq artisti, teatr və kino aktyoru Məlik Dadaşovun doğum günüdür. Oxu.Az xatırladır ki, Məlik Dadaşov 1924-cü ildə Bakıda doğulub. 1950-ci ildə Azərbaycan Teatr İnstitutunu (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti - red.) bitirdikdən sonra M.Əzizbəyov adına Akademik Dram Teatrında işə başlayıb və burada ilk dəfə “Ailə namusu” pyesində oynayıb.
Onun yaradıcılığının başlanğıcı Azərbaycan milli teatr sənətinin güclü inkişaf dövrünə təsadüf edib. Məlik Dadaşov Azərbaycan kinosunda yaddaşlardan silinməyəcək obrazlar yaradıb.
M.Dadaşovun Azərbaycan aktyorluq məktəbinin formalaşmasında xüsusi xidmətləri var. O, 35-ə yaxın bədii filmdə çəkilib.
“Axırıncı aşırım”da Qəmlo, “Dəli Kür”də Molla Sadıq, “O dünyadan salam”da Şeyx Nəsrullah, “Birisi gün gecə yarısı”nda Nəriman Nərimanov, “Fəryad”da Aram Xaçaturyan obrazları hamının yaddaşındadır.
Qeyd edək ki, M.Dadaşov “Fəryad” filmində erməni Armen Xaçaturyan roluna vəfatından üç il əvvəl çəkilib.
Ailəsi onun bu rola çəkilməsinin əleyhinə olsa da, erməni kirvənin iç üzünü göstərməyə iddialı olan aktyor istədiyinə nail olur.