"Biz həmişə deyirik ki, Avropaya inteqrasiya edək, Avropalılar kimi olaq və s. Amma biz Avropanın ən pis tərəflərini götürmüşük. Yeniyetmələr düşünürlər ki, niyə biz avropalılar kimi deyilik və gözləməliyik ki, ailə quranda cinsəl həyat yaşayaq? Hadisələr artıq bu fonda formalaşıb. Yəni artıq yeniyetmələr 15-17 yaşında cinsəl həyatı yaşamaq istəyirlər..." Bu sözləri Yenisabah.az-a tanınmış psixoloq Gülnar Orucova deyib. Son illər yeniyetmələrlə bağlı ciddi narahatlığa səbəb olan problemlərdən danışan psixoloq artıq yeniyetmə özbaşınalığının son nöqtədə olduğunu bildirib: "Yeniyetməlik dövründə ehtiras pik həddə olur, bu yeniyetmələr öz hisslərini idarə etməyi bacarmalıdırlar. Onlar öz hisslərini idarə edə bilmədikləri üçün kontroldan çıxırlar. Valideyn də dost olmaq əvəzinə yeniyetmənin aqressiyasına görə düşmənə çevrilir. Belə olanda da evdən qaçmalar, yeniyetmə özbaşınalıqları artır.
Bu gün biz klublara baxanda müşahidə edirik ki, daha gənc yaşda qızlar çoxluq təşkil edir. Orada elə yaşda qızlar olur ki, baxan kimi düşünürsən ki, bu yaşda o burda olmalı deyil, orta məktəbdə olmalıdır, o yaşda dövlət onları məcbur etməlidir ki, sən ən azından orta məktəbi bitirməlisən. Bu səbəbdən dolayı, bu gün belə özbaşınalıqların sayı artır deyə, paralel olaraq abortların da sayı artır. Nə qədər ki, belə özbaşınalıqlar olacaq, sosial şəbəkələrdə Azərbaycan uyğun olmayan yaşam tərzləri öyülərək paylaşılacaq vəziyyət daha da pisə doğru gedəcək. Nəticədə Azərbaycanda pozğun, əxlaqsız qızların sayı durmadan artacaq".