“Kulis.az” məşhur diktor Nərgiz Cəlilova haqqında maraqlı faktları təqdim edir.
Nərgiz Cəlilova 1960-cı il iyun ayının 10-da Bakıda dünyaya gəlib. Ailədə iki bacı, bir qardaş olublar. Orta məktəbdə oxuduğu illərdə musiqi təhsili almağa başlayır. On illik musiqi təhsilini başa vurur. İncəsənətə həddindən artıq meylli olduğundan hamı düşünür ki, o, musiqi sahəsinə yönələcək. Amma gözlənilənin əksinə olaraq Nərgiz 1978-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasına qəbul olunur.
Akademiyanı bitirəndən sonra televiziyada müsabiqə olduğunu eşidir və ora qatılmaq qərarına gəlir. Müsabiqədəki komissiyanın tərkibində məşhur diktor Rafiq Hüseynov da olur. Bir neçə mərhələni uğurla keçən Nərgiz yaxşı nəticə əldə edərək, müsabiqədən tam formada keçərək 1983-cü ildə Azərbaycan televiziyasında çalışmağa başlayır. Sonralar Rafiq Hüseynovla Nərgizin ustam müəllim münasibəti dərin dostluğa çevrilir. Onlar birlikdə bir neçə mahnı da ifa edirlər. O, müsahibələrinin birində bu barədə belə deyir:
“Komissiyanın üzvləri arasında xalq artisti Rafiq Hüseynov da var idi. Mənə elə gəlir ki, Rafiq Hüseynov olmasaydı, mən də olmazdım. İllər ötdükcə o, ailəvi can dostuma çevrildi. Qızı Leyli dünyaya gələndə ilk mənə zəng elədi və dedi ki, Nara, birinci sənə zəng edirəm, xala olmusan. O, mənim can dostum idi, baxmayaraq ki, yaş fərqimiz var idi, ustadım idi”.
15 ilə qədər AZ TV-də çalışan diktor 1998-ci ildə doğma televiziyasından ayrılmalı olur. Sonra illərdə isə ABA, Space və Lider kanallarında fəaliyyətini davam etdirir.
Nərgiz Cəlilova ali təhsil aldığı illərdə tələbə yoldaşı ilə məhəbbət yaşayır. Ailə qurmaq qərarına gələn cütlüyün yolları sonradan kədərli şəkildə ayrılır. Cəlilova öz müsahibələrində xatırlayır:
“Qərar verdik ki, dördüncü kursda nişanlanaq, bitirəndən sonra isə evlənək. Onu bir gün tələbə düşərgəsinə göndərdilər. Oradan qayıdanda onda dəyişiklik gördüm, artıq o münasibətləri davam etdirə bilmədik və ayrıldıq. Acılı ayrılıq yaşadım, amma o zaman bu tələb olunurdu.