Sosial şəbəkəni bu günkü həyatımızın möcüzəsi, istifadə edə bilsək müalicəsi ola biləcəyi barədə dəfələrlə bildirmişəm. Hamımızın şikayətləndiyimiz hakimiyyət, bəxtimizdən hələ ki, bura müdaxilə edə bilmir. Sosial şəbəkə bu gün müxalifət, vətəndaş cəmiyyəti nümayəndələrinin, aktiv ictimai xadimlərin, müstəqil vətəndaşların ixtiyarındadır.
Ona görə də bu gün sosial şəbəkədə baş verən nöqsanlarda hakimiyyəti ittiham etmək böyük haqsızlıq olardı. Günü gündən aktiv, cəmiyyət üçün faydalı ola biləcək insanların sosial şəbəkələrdən uzaqlaşdıqlarının şahidi oluram, əvəzində onların yerini sürətlə və daha uğurla nurlular, atalar və digəriləri tuturlar. Bu gün cəmiyyətə pislikdən başqa heç bir fayda verməyənlərin çıxışlarının baxış, paylaşma saylarına heç bir siyasi partiya, ictimai təşkilat rəhbəri, yaxud müstəqil şəxs çata bilməz. Bu halın böyük bəla olduğunu, qarşısının az müddətdə alınmasının mümkünsüz olduğunu mən də anlayıram.
Bu gün bizim edə biləcəyimiz və qısa zamanda uğur qazana biləcəyimiz halları vurğulamaq istəyirəm. Biz hamılıqla məsuliyyətimizi dərk edib sosial şəbəkələrdəki əxlaqsızlığa, böhtana, yalana qarşı mübarizə aparmalıyıq. Hər birimiz bu mövzuda mövqeyimizi bildirməli, qaraguruhçuları ifşa etməliyik. Qaraguruh deyəndə nədənsə müxalifət nümayəndələri, xüsusilə AXCP-çiləri nəzərdə tutduğumu düşünənlər səhv edirlər. Bura YAP-çı, Musavatçı, AXCP-çi, ümumiyyətlə heç bir partiyanın üzvü olmayan, bütün məsələlərə anlayışı olmasa da rəy bildirən, ağzını açanda üfunət verən, əxlaq, mədəniyyət nə olduğunu bilməyən ayrı-ayrı dairələrə, maraqlara qulluq edən insan sürüləri aiddir.