Model Raziyyat (Razi) Əliyevaya qarşı zorakılıqda ittiham olunan Ziya Hüseynzadə həbs qərarından apelyasiya şikayəti verib. Onun şikayətinə iyunun 12-də Bakı Apelyasiya Məhkəməsində hakim Emin Mehdiyevin sədrliyilə baxılacaq.
Ziya Hüseynzadə modelin üzərindəki xəsarətlərlə bağlı sosial şəbəkələrdə yayılan görüntülərdən sonra saxlansa da, ona qarşı başqa məsələlərlə əlaqədar da ittihamlar irəli sürülüb. Ziya Hüseynzadə Cinayət Məcəlləsinin 133 (əzab vermə), 177.3 (oğurluq – yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) 186 ( əmlakı qəsdən məhv etmə və ya zədələmə), 221.1 (xuliqanlıq) və başqa maddələrilə ittiham olunur.
Təxminən ayyarım öncə Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı açıqlamada Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycandakı nümayəndəliyinə saxta sənədlər təqdim edərək, külli miqdarda kredit götürdüyü iddia olunan şirkətlərlə bağlı cinayət işi başlandığı bildirilirdi. Həmin açıqlamada adıçəkilən şirkətlərdən biri də Ziya Hüseynzadənin faktiki rəhbərlik etdiyi “PKF Audit Azerbaijan” MMC idi. Bu məsələ ilə bağlı istintaq Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılır.
Meydan TV-nin əldə etdiyi məlumata görə, Ziya Hüseynzadə keçmiş Baş nazir Novruz Məmmədovun qohumudur.
Ziya Hüseynzadə model Razi Əliyevanın şikayəti əsasında cinayət məsuliyyətinə cəlb edilib. Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilirdi ki, modelin üzərindəki xəsarətlərlə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılarkən həmin hadisənin mayın 26-da baş verdiyi müəyyənləşdirilib. İddia olunur ki, Ziya Hüseynzadə Razi Əliyevanın Lökbatan qəsəbəsində anasına məxsus mənzilində nalayiq ifadələr səsləndirib, zor tətbiq edərək, giriş qapısını zədələyib.
“Ziya Hüseynzadənin ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən xuliqanlıq hərəkətləri törətməsi məlum olub. Faktla bağlı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsilə cinayət işi başlanıb”, – DİN-in rəsmi açıqlamasında bildirilirdi.
2017-ci ildə Azərbaycan gözəli seçilmiş model Razi Əliyeva iddia edir ki, sevgilisi olmuş Ziya Hüseynzadə ona və ailəsinə qarşı zorakı hərəkətlər edib, onların ünvanına təhqir və təhdid xarakterli ifadələr səsləndirib: