"Mən onlara demişəm ki, qatilin kim olduğunu bilirsinizsə, ortaya çıxarın. Sizin də canınız qurtarsın, mən də övladımın qatilinin kim olduğunu bilim”
Tovuz rayonunun Dondar Quşçu kənd sakini Nərmin Quliyeva 2019-cu ilin noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İlkin Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.
Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.
Bir neçə gün öncə Gəncə Ağır Cinayətlər Məhkəməsində İlkin Süleymanova hökm oxunub. Hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda Nərminin ölümündə şübhəli bilinən Süleymanova 18 il müddətinə həbs cəzası kəsilib.
Məhkəmədən sonra "Nərmin olayı” barədə müzakirələr daha da qızışıb. Təqsirləndirilən şəxsin ailə üzvləri, yaxınları, eləcə də bəzi ictimai fəallar sosial şəbəkələr və mətbuat vasitəsilə İlkinin günahsız olduğunu deyərək, onun barəsində çıxarılmış hökmə etirazlarını bildiriblər.
Düz 3 ildir ölkə gündəmini zəbt edən cinayət olayında Nərminin ailəsi də sərt tənqidlərə tuş gəlib. Onlar ziddiyyətli və qərəzli ifadələr verməkdə, İlkinin günahsız yerə həbsə atılmasında və cinayətin gerçək izlərinin gizlədilməsində ittiham olunurlar. Sosial şəbəkələrdə açılan müzakirələrdə Nərminin valideynləri barədə müxtəlif şayiə və sensasiyalı iddialara rast gəlmək olar.
Belə məqamda Modern.az-ın redaksiyasına zəng vuran Nərminin atası Şərif Quliyev cinayət işi ilə bağlı bəzi məqamlara aydınlıq gətirmək istədiyini deyib və ictimaiyyəti maraqlandıran bir çox sualları cavablandırıb.
"Hadisə yerində çəkiliş aparılıb. İlkin orada etiraf edib. Məndə istintaq çəkilişinin videosu var. Təxminən 45 dəqiqəlik videodur. Ancaq qarşı tərəf ictimaiyyətə yanlış məlumatlar çatdırır. Həmin videoda İlkin cinayəti etiraf edir. Bunu ictimaiyyətə göstərmək lazımdır. Çəkiliş zamanı faktlar göstərilir. İlkin hadisə yerinə gətirilib. Orada dindirilərkən etiraflar edib. Mən istərdim ki, həmin video mediada göstərilsin”, - deyə Ş.Quliyev haqqında bəhs etdiyi videokadrların məhkəmədən sonra ona təqdim edildiyini söyləyib.
O, "Nərmin işi”nin niyə uzun çəkməsi və ailəsi barədə səsləndirilən ittihamlara münasibət bildirərək deyib:
"Bir il yarım istintaq, iki il məhkəmə prosesi getdi. Qarşı tərəfin vəkilləri prosesi uzatdı. Hər dəfə bir vəsatət qaldırırdılar. Məhkəmə həmin vəsatətlərə baxırdı”.
Nərminin atası məhkəmədə verilən ifadələrdə ziddiyyətli məqamların olduğunu iddia edir: