Koronavirus (COVİD-19) pandemiyası ilə bağlı əhali arasında tibbi spirtə tələbat kəskin artdığından bəzi “işbazlar” tərəfindən bu məhsulun saxta və insan orqanizmi üçün olduqca mənfi təsir göstərən nümünələrinin hazırlanaraq satışa çıxarılması cəhdlərinə rast gəlinməkdədir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Pravda.az-a bildirilib ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə tibbi spirt adı altında tərkibində sənayedə istifadə olunan zəhərli metil, izopropil və sair spirtlərin qablaşdırılaraq tibbi spirt adı ilə apteklərə satışa çıxarılması ilə bağlı əməliyyat məlumatları daxil olub. Bu şəxslərin ifşa olunması məqsədi ilə həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində paytaxt sakinləri Alen Məhərrəmov və Ramil Hüseynov tutularaq istintaqa təqdim ediliblər.
Araşdırma zamanı bu şəxslərin Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən sexdə 95%-lik tibbi antiseptik məhlul hazırlayan avadanlıqlar quraşdıraraq üzərinə "Tibbi spirt 95%" sözləri yazılmış qablarda standartlara uyğun olmayan metil və izopropil spirtini qablaşdırdıqları müəyyən olunub. Saxlanılan şəxslər ifadələrində bu spirtlərin Bakı şəhərində fəaliyyət göstərən müxtəlif apteklərdə satışını təşkil etdiklərini etiraf ediblər.