Torpaq sahələri üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması adı ilə vətəndaşların pulunu ələ keçirən şəxslər barəsində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı tamamlanıb.
Baş Prokurorluqdan verilən məlumata görə, istintaqla Kənan Qurbanov və Nаtiq Qurbаnоvun özlərini İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifəli şəxsləri ilə yaxın əlaqələri olan şəxslər kimi göstərərək torpaq sahələrinin özəlləşdirilməsi və daşınmaz əmlaka dair saxta sənədlərin təqdim edilməsi yolu ilə ayrı-ayrı vətəndaşlara məxsus ümumilikdə 146 min manat məbləğində pul vəsaitini ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.