Vasif Talıbovun istefasından sonra “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətində onun ailə üzvlərinə məxsus paylar başqa şəxslərə transfer edilib. Naxçıvanbank Talıbovlara məxsus bizneslərdən biri olsa da, ailənin buradakı payları uzun müddət gizli saxlanılıb. Bank demək olar ki, hər il müstəqil audit hesabatı yayımlasa da payçılar və onların payının miqdarı müxtəlif üsullarla gizlədilib.
Bankın yalnız 2017-ci ilə dair maliyyə hesabatında payçıların adı ilə bağlı məlumat əldə etmək mümkün olub. Bu hesabat 2018-ci ilin mayında dərc olunub və hesabat dövründən sonra baş vermiş hadisələrə dair bölmədə payçılardan birinin ASC-ni tərk etdiyi qeyd olunub.
Bu şəxs Cahan Holdingqin rəhbəri Vüqar Abbasov olub ki, o öz payını Vasif Talıbovun qızı Baharxanım və Seymur Talıbova transfer edərək bankı tərk edib.
Bundan sonrakı illərə dair maliyyə hesabatlarında payçılarla bağlı məlumatların olduğu bölmə müxtəlif üsullarla gizlədilib.
2018-ci ilin maliyyə hesabatında payçılar olan hissədə mətnin rəngi ağardılıb və buna görə oxunmur, amma mətn seçilib başqa yerə köçürüləndə adlar və pay miqdarları aydın oxunur. Bu üsul hesabatın ingilis dilində olan versiyasında da tətbiq edilib.
2019-cu ilə dair hesabatda isə ümumiyyətlə “Giriş” hissəsinin olduğu səhifə yoxdur. Adətən maliyyə hesabatında həmin hissə şirkətin payçıları ilə bağlı məlumat verir. Bu hesabatda isə səhifə 5 tamamilə hesabatdan çıxarılıb. Hesabatın ingilis dilində olan versiyasında isə eyni məlumatın olduğu bölmə 8-ci səhifəyə təsadüf edir və o da yoxdur.
Oxşar qaydada 2020 və 2021-ci illərə dair hesabatlarda da həm Azərbaycan, həm də ingilis dilində olan versiyalarda ya səhifə çıxarılıb, ya da payçıların olduğu hissə ağardılaraq bunla bağlı məlumat gizlədilib.
