Ötən gün Xalq artisti Röya Ayxanın doğum günü olub.
Kulis.az bu münasibətlə müğənni ilə bağlı maraqlı faktları təqdim edib.
Röyalə Yaqub qızı Nəcəfova 14 iyun 1982-ci ildə anadan olub. Müğənninin Ağdam rayonunda doğulduğu deyilsə də, Xalq artistinin dediyinə görə Bakıda doğulub. Uşaqlığı çox acınacaqlı keçib. Ata-anası ayrılanda onun 10 yaşı varmış. Dediyinə görə, balaca vaxtlarından çöllərdə işləyib evə pul gətirirmiş:
“Evdə, qonşuda qonaqlıq olanda sevinirdim ki, içki içiləcək, butulkalar çox olacaq, mən də o butulkaları satıb, qardaşım üçün konfet alacam”.
Atası 12 yaşında Bakıya, Bülbül adına musiqi məktəbinə oxumağa gedib. Arif Babayevin tələbəsi olub. Könül Xasıyeva, Aybəniz Haşımova ilə bir sinifdə oxuyublar. Röyanın atasının yaxşı səsi olsa da, bu yolu davam etməyib. Xalq artisti onun ifaçılığı atmasını bu cür şərh edir:
“Hamı güclü olmur. Atamın gözəl səsi olsa da, güclü ola bilmədi”.
On yaşında dizinin üstündə körpə yatızdırır, məktəbə gedə bilmir, küçələrdə biskvit satırmış. O günləri Röya bu cür xatırlayır:
“Oxuya bilmirdim, alınmırdı. Anam evə yük gətirirdi, bacımla biz onları yuyub, ütüləyib ünvanlara çatdırırdıq. Bəlkə də, bu dediklərim kənardan baxanlara film kimi gələcək, amma mən bunları yaşamışam. On yaşımda artıq analığın nə olduğunu anlamışdım”.
Bakı şəhəri Nəsimi rayonu 5 saylı orta məktəbin məzunu olub. 2004-cü ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə daxil olub.
Şou-biznesə gəldiyi ilk günlər Röyanın soyunmağı qalmaqal yaratmışdı. Ancaq zaman keçdikcə mahnıları üzə çıxdı və Röyanı hamı müğənni kimi sevməyə başladı. Hətta o vaxtlar Habil Əliyev verilişlərin birində Röyaya demişdi:
“Yaxşı oxuyursan, bircə əynini yaxşı geyinsən”.
Uzun müddət Röya açıq-saçıq geyimi ilə diqqət mərkəzində oldu.
İlk dəfə Vaqif Gərayzadənin W-trio qrupunda çıxış edib. Qrupdan ayrıldıqdan sonra solo ifaya başlayıb. 2005-ci ildə Heydər Əliyev Sarayında “Bu gecə” adlı ilk solo konserti olub. 2006-cı ildə 3 gün yenidən həmin sarayda “Darıxmışam” adlı solo konsert verib. 2006-cı il sentyabr ayının 15-də Şəfa stadionunda və sentyabr ayının 22-də Milli Parkda solo konserti olub. 2005-ci ildə Yalta şəhərində keçirilən Beynəlxalq Gənc İfaçılar müsabiqəsində “Tamaşaçı simpatiyası” nominasiyası üzrə laureat olub. 2006-cı ildə V&V prodüser mərkəzinin keçirdiyi sorğuya əsasən “İlin müğənnisi” və “İlin konserti” nominasiyaları üzrə qalib gəlib.
“Səninəm”, “Nazlı yarım”, “Narın yağış”, “Qatar”, “Yalan sözlər”, “Bilirsənmi?”, “Söylə” kimi mahnıları ona böyük şöhrət qazandırıb.
Xalq artisti Röya Ayxan imzasının hardan gəldiyini də müsahibələrinin birində bu şəkildə açıqlayıb:
“Ayxan qardaşımdır. Bir az zəif doğulub, üzərində çox əsmişik”.
Bakı Dövlət Universitetində təhsil aldığı xəbəri mətbuatda yayılanda Röyanın o savada sahib ola bilməyəcəyini iddia ediblər. Röya Ayxan təhsilini yarımçıq bitirir. Bu haqda özü mətbuatda deyib:
“Bəli, bu, anamın istəyi ilə oldu. Başa düşürdüm ki, onu çox davam etdirə bilmərəm. Ona görə də yarımçıq qaldı, çünki oxumaq lazımdır… Gedə bilmədim…”
Elnarə Xəlilova Röyanın mahnısının plagiat olduğuna işarə vuraraq Uitni Hyusotunun “I have nothing” mahnısını “Instagram” hesabında paylaşıb. Müğənni isə ona belə cavab verib:
“Məni dindirmə. Qarabağlılara hörmətim var, pozma. Elnarə xanım, siz oxumuş qadınsınız. Sadə insanları maarifləndirməlisiniz. Bunu deməyə haqqım var, çünki təhsilinizin çətin dönəmində Allah məni sizə yetirib. Hara, necə, nə cür olduğunu xırdalamayaq. Onu kənara qoydum. Axı siz hər şeydən xəbərdar, bilikli bir insansınız. Onda Cenifer Lopezi çağıraq və soruşaq ki, niyə mahnısına “Lambada”nı salıb? Tam deyil, amma müəyyən dərəcədə oxşarlıq var. Mərhumun mahnısına bənzəməsi isə mənə şərəfdir. Mən canlı ölüləri hara qoyacam?”
30 dekabr, 2015-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 21 oktyabr, 2019-cu ildə Azərbaycanın Xalq artisti fəxri adına layiq görülüb. Müsahibələrinin birində Röya Ayxan fəxri adları barədə deyir:
“Ömrüm boyu inanmazdım ki, 37 yaşımda Xalq artisti olaram”.