Şuşada Yeni Azərbaycan Partiyası və Ədalət və İnkişaf Partiyasının birgə təşkilatçılığı ilə Milli Qurtuluş Gününə və Şuşa Bəyannaməsinin imzalanmasının ikinci ildönümünə həsr olunmuş beynəlxalq konfrans keçirilib.
Pravda.az xəbər verir ki, iyunun 15-də Şuşa şəhərində “Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) və Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) birgə təşkilatçılığı ilə Milli Qurtuluş Gününə və Şuşa Bəyannaməsinin imzalanmasının ikinci ildönümünə həsr olunmuş “Qurtuluşdan Zəfərə” adlı beynəlxalq konfrans keçirilib.
Əvvəlcə konfrans iştirakçıları Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin inzibati binasında müasir müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Cümhuriyyətinin İstiqlal Marşı səsləndirilib. Sonra Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra “Qurtuluşdan Zəfərə” adlı film nümayiş etdirilib.
Konfransda çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov tədbir iştirakçılarını salamlayıb və konfransın işinə uğurlar arzulayıb. Tahir Budaqov bildirib ki, 2023-cü il bir millətin iki dövləti olan Azərbaycan və Türkiyə üçün olduqca əlamətdardır: “Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilmişdir. “Heydər Əliyev İli” çərçivəsində müasir müstəqil Azərbaycanın banisi, xalqımızın Ümummilli Lideri, Türk dünyasının böyük oğlu, dünyanın ən nüfuzlu siyasətçilərindən olan Heydər Əliyevin zəngin dövlətçilik irsinin tədqiq olunması, əbədiyaşar ideyalarının öyrənilməsi və yeni nəslə aşılanması istiqamətində istər respublikamızda, istərsə də onun hüdudlarından kənarda, o cümlədən qardaş Türkiyədə silsilə tədbirlər həyata keçirilir. Eyni zamanda, bu il dünyada nüfuzlu və qüdrətli dövlət, müasir və demokratik ölkə kimi tanınan, davamlı yüksəlişi və möhtəşəm uğurları ilə beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olan Türkiyə Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümü böyük coşqu və ruh yüksəkliyi ilə qeyd edilməkdədir”.
YAP Sədrinin müavini qeyd edib ki, əziz xatirəsini sonsuz sayğı və dərin ehtiramla anaraq anadan olmasının 100-cü ildönümünü qürurla və minnətdarlıqla qeyd etdiyimiz Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısında xidmətləri misilsizdir: “Müdrik dövlət xadimi iki fərqli dövrdə - istər SSRİ dönəmində, istərsə də dövlət müstəqilliyinin bərpasından sonra respublikamıza uğurla rəhbərlik edərək xalqımız və dövlətimiz üçün taleyüklü məsələlərin həllinə nail olmuş, Azərbaycan xalqının parlaq gələcəyini təmin etmişdir. Xüsusi olaraq diqqətə çatdırmaq istəyirəm ki, ötən əsrin 90-cı illərinin əvvəlində siyasi təlatümlər, iqtisadi böhran, vətəndaş qarşıdurması və dövlət müstəqilliyinin itirilməsi təhlükəsi ilə üzləşən, Ermənistanın işğalçı siyasəti nəticəsində ard-arda əzəli torpaqlarını – doğma yurdlarını itirən Azərbaycan xalqı ciddi sınaq və tarixi seçim qarşısında idi. Belə bir taleyüklü mərhələdə xalqımız çıxış yolunu zəngin dövlətçilik təcrübəsinə malik dahi şəxsiyyət – vətənpərvər lider Heydər Əliyevin ətrafında sıx birləşməkdə gördü. Ümumxalq etimadının təzahürü kimi 91 nəfər ziyalının müraciətinə Ümummilli Liderin razılıq verməsi nəticəsində 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaradılması və Heydər Əliyevin partiyaya Sədr seçilməsi müasir müstəqillik tariximizin dönüş nöqtəsi oldu. Eyni zamanda, həmin vaxt ölkəmiz olduqca mürəkkəb vəziyyətlə qarşıya-qarşıya olarkən - 1993-cü ilin iyun hadisələri zamanı xalq Ulu Öndərə Azərbaycanın xilası naminə respublikaya rəhbərlik etməsi barədə qətiyyətli çağırış etdi. Heydər Əliyev bundan öncə dəfələrlə olduğu kimi, öz həyatını belə riskə ataraq, böyük fədakarlıq və vətənpərvərlik nümunəsi ortaya qoyaraq tarixi-siyasi məsuliyyəti üzərinə götürdü. 30 il bundan əvvəl - 1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Respublikası Ali Məclisinin Sədri seçilməsi tariximizə Milli Qurtuluş Günü olaraq yazıldı”.
Azərbaycanın müasir dövlətçilik tarixində Milli Qurtuluş Gününün müstəsna yerinin və rolunun olduğunu deyən YAP Mərkəzi Aparatının rəhbərinin sözlərinə görə, bu, xalq-Lider birliyi nəticəsində Azərbaycan dövlətinin tənəzzüldən və böhrandan xilas olaraq sabitlik və yüksəliş dövrünə qədəm qoymasını ifadə edir: “Qurtuluş məfkurəsi Heydər Əliyevin xilaskarlıq missiyası kimi Azərbaycana tarixi uğurlar qazandırmış və xalqımıza şanlı qələbələr bəxş etmişdir”.
Tahir Budaqov vurğulayıb ki, 1993-cü il oktyabrın 3-də Heydər Əliyevin milli iradə və etimad əsasında Prezident seçilməsindən sonra sabitliyin və inkişafın təmin edilməsi, bütün sahələri əhatə edən kompleks islahatların, sistemli ordu quruculuğunun reallaşdırılması, milli maraqlara və zamanın çağırışlarına uyğun xarici siyasətin həyata keçirilməsi nəticəsində Azərbaycanın davamlı inkişafı təmin edildi, qarşıda duran milli hədəflər və strateji vəzifələr gerçəkləşdirildi, tarixi Zəfərimizin möhkəm əsasları yaradıldı: “Bir sözlə, Ümummilli Liderin müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illər Azərbaycanı Qurtuluşdan tərəqqiyə aparan möhtəşəm dövr kimi tarixə əbədi həkk olundu. Nəzər yetirdiyimiz faktlar və reallıqlar göstərir ki, Heydər Əliyev siyasəti xalqımıza ən dəyərli milli sərvətimiz olan Azərbaycanın dövlət müstəqilliyini bəxş etmiş, ölkəmizin siyasi, demokratik və sosial-iqtisadi inkişaf yolunda əmin addımlarla irəliləməsini, beynəlxalq münasibətlər sisteminin nüfuzlu subyektinə, sözünə etibar edilən və mövqeyinə hörmətlə yanaşılan güclü dövlətə çevrilməsini şərtləndirmişdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Heydər Əliyev şəxsiyyəti, Heydər Əliyev dühası bugünkü Azərbaycanın uğurlu inkişafının təməlində dayanan amildir”.
YAP Sədrinin müavini deyib ki, bu gün qüdrətli Azərbaycan Heydər Əliyev ideyaları əsasında – sözü imzası qədər dəyərli olan Prezident İlham Əliyevin rəhbərliyi ilə inamla inkişaf edir, Ulu Öndərin müəyyənləşdirdiyi bütün strateji hədəflər reallığa çevrilir: “Cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 20 ildə qazanılan uğurlar və hazırkı reallıqlar Heydər Əliyev yolunun Azərbaycanın möhtəşəm nailiyyətlərinin əsasını təşkil etdiyini bir daha təsdiqləyir. Fenomenal şəxsiyyətin layiqli siyasi varisi olan Prezident İlham Əliyevin milli maraqlara, müasir çağırışlara əsaslanan, tərəqqi və Zəfərə hədəflənən siyasəti çoxəsrlik dövlətçilik tariximizin ən qüdrətli Azərbaycan reallığını mümkün etmişdir. 30 ilə yaxın müddət ərzində Ermənistanın işğalı altında qalan torpaqlarımızın ikili standartlara, mürəkkəb beynəlxalq şəraitdə qərəzli geopolitik oyunlara, ədalətsiz və mürtəce yanaşmalara rəğmən, Prezident İlham Əliyevin komandanlığı ilə, dövlətimizin qüdrəti və xalqımızın iradəsi nəticəsində düşmən tapdağından azad edilməsi isə Heydər Əliyev siyasətinin möhtəşəm uğuru və təntənəsidir”.
Tahir Budaqov söyləyib ki, 44 günlük Vətən müharibəsində şanlı qələbənin qazanılmasında qardaş Türkiyənin Azərbaycana yüksək mənəvi-siyasi dəstəyinin müstəsna rolu vardır: “Müharibənin ilk dəqiqələrindən etibarən “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deyən Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla qardaş dövlətin və Türkiyə xalqının Azərbaycana inamlı dəstəyi böyük mənəvi-siyasi stimul kimi bu tarixi qalibiyyətə güclü təkan oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, İkinci Qarabağ müharibəsi bizim müştərək şanlı tariximizdir. Çoxəsrlik tarixi köklərə, milli-mənəvi dəyərlərə əsaslanan və müasir tariximizdə Ümummilli Liderimizin təşəbbüsü əsasında Araz çayı üzərində inşa olunaraq əzəli Azərbaycan torpağı - qədim türk yurdu Naxçıvanla Türkiyəni birləşdirən “Ümid” körpüsü ilə yeni məzmun alan Azərbaycan-Türkiyə münasibətləri 44 günlük Vətən müharibəsindən sonra hər iki ölkənin liderlərinin məqsədyönlü siyasəti nəticəsində tamamilə yeni bir səviyyəyə qalxmış, iki il bundan əvvəl – 15 iyun 2021-ci il tarixində Şuşa Bəyannaməsinin imzalanması ilə müttəfiqlik səviyyəsinə yüksəlmişdir. Hazırda milli maraqlara və müasir çağırışlara əsaslanan birgə fəaliyyətimiz və ortaq təşəbbüslərimiz ölkələrimizə inkişaf, regiona isə firavanlıq və sabitlik vəd edir, Türk dünyası üçün parlaq perspektivlər yaradır. Bütün bu reallıqlar Azərbaycan-Türkiyə birliyinin sarsılmaz olduğunu bir daha təsdiqləyir. Prezident İlham Əliyevin vurğuladığı kimi, “Türkiyə-Azərbaycan artıq bir yumruqdur, bir ürəkdir, bir candır”.
“İnkaredilməz həqiqətdir ki, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında iki ölkənin hakim partiyaları olan Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyasının çoxşaxəli əməkdaşlığının mühüm rolu var. Təqdirəlayiq haldır ki, 2021-ci ilin iyun ayının 2-də iki partiya arasında imzalanmış Əməkdaşlıq Protokolundan irəli gələrək atılan addımlar partiyalar arasında əlaqələrin genişlənməsini və işbirliyinin dərinləşməsini şərtləndirir. Xüsusilə də, qarşılıqlı səfərlərin həyata keçirilməsi, mütəmadi olaraq fikir və təcrübə mübadiləsinin aparılması ikitərəfli münasibətlərin inkişafına əhəmiyyətli töhfə verir. Heç şübhəsiz, Yeni Azərbaycan Partiyası və AK Parti yeni reallıqlardan və çağırışlardan irəli gələn hədəfləri bundan sonra da birlikdə reallaşdırmaq əzmindədirlər. Yeri gəlmişkən, fürsətdən istifadə edərək Azərbaycan xalqının da böyük diqqətlə və həyəcanla yaxından izlədiyi seçkilərdə cənab Rəcəb Tayyib Ərdoğanın və Cümhur İttifaqının qazandığı inamlı qələbə münasibətilə Ədalət və İnkişaf Partiyasına təbriklərimizi çatdırır, dəyərli dostumuz Numan Kurtulmuşa Türkiyə Böyük Millət Məclisinin sədri kimi fəaliyyətində uğurlar, yeni yüzillikdə qardaş ölkəyə davamlı nailiyyətlər və daha böyük qələbələr arzulayırıq”,- deyən Tahir Budaqovun sözlərinə görə, sevindirici haldır ki, Türkiyə xalqı son illərdə qazanılan möhtəşəm uğurların davamına səs verməklə düzgün seçim etdi və müdriklik nümunəsi ortaya qoydu: “Çünki Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə son 20 ildə həyata keçirilən uğurlu siyasət nəticəsində Türkiyənin potensialı və gücü artmış, xalq-iqtidar birliyi təmin edilmiş – milli həmrəylik gücləndirilmiş, qardaş ölkə dünya miqyasında söz və nüfuz sahibinə çevrilmişdir. Bu gün bölgədə heç bir məsələ Türkiyənin iradəsi və iştirakı olmadan həll edilə bilməz. Şübhə yoxdur ki, “Böyük və güclü Türkiyəni birlikdə quraq” çağırışı ilə çıxış edən cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə Cümhuriyyəti yeni yüzillik üçün müəyyən edilmiş strateji hədəfləri gerçəkləşdirməklə beynəlxalq arenada öz mövqeyini daha da möhkəmləndirəcəkdir”.
“Azərbaycan hər zaman olduğu kimi, bu gün də “Türkiyə yüz ili” hədəfləri çərçivəsində inkişaf yolunda əmin addımlarla irəliləyən qardaş ölkənin yanındadır, eləcə də hamımızı dərindən sarsıdan dəhşətli faciənin - zəlzələnin ağır nəticələrinin aradan qaldırılmasında, həmin bölgələrdə quruculuq işlərinin aparılmasında yaxından iştirak edərək Türkiyə dövlətinə və xalqına qardaş köməyini əsirgəmir. Türkiyə də öz növbəsində Azərbaycana qətiyyətli dəstək göstərir, həm regionda sülhyaratma prosesində, həm də işğaldan azad edilmiş ərazilərimizdə yenidənqurma işlərində fəal iştirak edir. Bu gerçəkliklər unikal və nümunəvi xarakter daşıyan Azərbaycan-Türkiyə münasibətlərinin dünyada bənzəri olmadığını sübuta yetirir. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin qeyd etdiyi kimi, “xalqlarımızın zamanın sınaqlarından şərəflə çıxmış dostluğu və qardaşlığı, Azərbaycan-Türkiyə birliyi və müttəfiqliyi “Bir millət iki dövlət” və “Bir yumruq” fəlsəfələrinin ruhuna uyğun olaraq bundan sonra da birgə səylərimizlə yüksələn xətt üzrə davam edəcək və daha da möhkəmlənəcəkdir”. Yaşasın Azərbaycan! Yaşasın Türkiyə! Türk dövlətləri birliyinə eşq olsun!” ,- deyə YAP Sədrinin müavini vurğulayıb.
Çıxış edən Ədalət və İnkişaf Partiyası Sədrinin birinci müavini, Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım bildirib ki, bu gün biz Şuşada 15 İyun – Milli Qurtuluş Gününü və Şuşa Bəyannaməsinin imzalanmasının ikinci ildönümünü qeyd edirik. “Qurtuluşdan Zəfərə” adlı beynəlxalq konfransda iştirak etməkdən qürur duyduğunu söyləyən Binəli Yıldırım “Dəvət üçün Yeni Azərbaycan Partiyasının rəhbərliyinə təşəkkür edirik. Türk dünyasının seçilən iki dövləti - Türkiyə ilə Azərbaycan arasındakı strateji əlaqələr daim zirvədə olacaq” ,- deyə vurğulayıb.
Binəli Yıldırım vurğulayıb ki, Bursadan sonra Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi və bu gün Şuşada bir araya gəlməyimiz qürurvericidir: “Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı zaman keçdikcə daha da dərinləşir. Şuşa Bəyannaməsinin imzalanması ilə Azərbaycan ilə Türkiyə arasında münasibətlər strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Xüsusilə, 44 günlük Vətən müharibəsində qazanılan Zəfərdən sonra Qarabağın yenidən qurulmasında Türkiyənin yaxından iştirak etməsindən məmnunluq duyuruq”.
AK Parti Sədrinin birinci müavini vurğulayıb ki, Azərbaycanın müstəqil və güclü dövlət kimi formalaşmasında böyük xidmətləri olan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi qürurla qeyd olunur: “Məhz Ulu Öndər Azərbaycan xalqı üçün çətin dövrdə öz siyasi iradəsini ortaya qoydu. O, ölkədə xaos olduğu bir dövrdə xilaskarlıq missiyasını yerinə yetirdi, Azərbaycanın bölgədə müstəqil və güclü dövlət olmasının əsaslarını yaratdı. Heydər Əliyevin arxalandığı ancaq xalq oldu, xalq da ona arxalandı. Ümummilli Lider Azərbaycanın müstəqilliyinin əbədi olduğunu dünyaya bəyan etdi”.
Heydər Əliyevin Azərbaycanda reallaşdırdığı neft strategiyasından bəhs edən Binəli Yıldırım qeyd edib ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri və digər layihələrin əsası məhz Ümummilli Liderin ölkəmizə rəhbərliyi dövründə qoyulub. Bu gün Azərbaycanın Türkiyə ilə əlaqələri strateji tərəfdaşlıq səviyyəsində inkişaf edir.
Binəli Yıldırım vurğulayıb ki, əlaqələrimizin daha da dərinləşməsində Türk Dövlətləri Təşkilatının (TDT) rolu böyükdür. 2021-ci ildə keçirilən tarixi İstanbul Zirvəsi ilə təşkilat yeni mərhələyə qədəm qoydu. Təşkilatın adı dəyişdirildi və Türkmənistan TDT-yə müşahidəçi üzv kimi qoşuldu: “İstanbul zirvəsi bir neçə aspektdən önəmlidir. Bu toplantıda TDT-nin 2040-cı ilədək konsepsiyası hazırlandı. Həmçinin Türk İnvestisiya Fondunun yaradılması qərara alındı. İstanbul Zirvə görüşündə diqqətçəkən məqamlardan biri də TDT-nin Ağsaqqallar Şurasının yaradılması oldu”.
TDT-nin Səmərqənd Zirvə görüşünün əhəmiyyətinə də toxunan Binəli Yıldırım onun ən mühüm nəticələrindən biri kimi Şimali Kipr Türk Cümhuriyyətinin quruma müşahidəçi statusunda qəbul edilməsini xüsusi qeyd etdi. Digər tərəfdən, Türkiyə İnvestisiya Fondunun 2022-2026-cı illər üçün Fəaliyyət Planının qəbul edilməsinin önəmini vurğulayan Binəli Yıldırım bildirdi ki, ticarətin asanlaşdırılması diqqət yetirilən prioritet məsələlərdən biri olub: “800 milyard dollarlıq xarici ticarət həcmi, 160 milyonluq əhalisi, 5 milyon kvadrat kilometr ərazisi olan bu təşkilat və onun 8 üzvü, şübhəsiz ki, dünya iqtisadiyyatında və regional iqtisadiyyatda çox mühüm yer tutur. Bu ölkələrin xarici ticarətə malik olmasına baxmayaraq, bu 8 ölkə arasında ticarət cəmi 24 milyard dollardır. Bu baxımdan, təşkilatın üzvləri arasında ticarətin inkişafı və qarşılıqlı investisiyaların artırılması üçün daha çox səy göstərilməsinə ehtiyac var. Xüsusən də əsrlər boyu insanların xidmətində olan tarixi İpək Yolunun bərpa edilməsi çox mühüm önəm daşıyır”.
Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesindən danışan Binəli Yıldırım “Ermənistan Qarabağın artıq Azərbaycanın əzəli tərkib hissəsi olduğunu qeyd-şərtsiz qəbul edib. Qarabağda yaşayan ermənilərin inteqrasiyası artıq başlayıb. Bu ərazilərdəki separatçı qüvvələr öz fəaliyyətini dayandırmalı və Azərbaycana təslim olmalıdır. Azərbaycan rəhbərliyi hər zaman humanist addımlar atır”, - deyə o bildirib.
Binəli Yıldırım Ermənistanın Zəngəzur dəhlizi layihəsinin reallaşdırılması prosesini ləngitdiyini deyib. Qeyd edib ki, Ermənistan bununla özünə ziyan edir. Vurğulayıb ki, Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə türkdilli dövlətlər arasında əlaqələr daha da möhkəmlənəcəkdir: “Bizim məqsədimiz aydındır. Hədəfimiz bölgədə rifahı və hüzuru artırmaq, sülh və sabitliyə nail olmaqdır. TDT hansısa ölkəni təhdid edən təşkilat deyil, amma bizə qarşı hər hansı haqsızlıq olarsa, cavab verməyə hazırıq”.
Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov çıxışında qeyd edib ki, Azərbaycanın dövlətçilik tarixinin dönüş nöqtəsi, ölkənin parlaq gələcəyinin təməlinin qoyulduğu 15 iyun – Milli Qurtuluş Gününü qardaş Türkiyədən olan hörmətli qonaqlarla müasir Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevin hər bir azərbaycanlının iftixar nöqtəsi adlandırdığı Şuşada qeyd etmək qürurvericidir: “Bu il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi qeyd edilir. Heydər Əliyevin sarsılmaz təməllər üzərində qurduğu, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətlə davam etdirdiyi daxili və xarici siyasət, güclü iqtisadiyyat və ordu quruculuğu işinin məntiqi sonluğu olaraq biz indi Şuşada, Azərbaycan xalqı üçün böyük mənəvi dəyəri olan mədəniyyət paytaxtımızdayıq. Cənab Prezidentin Ulu Öndərimizin anadan olduğu gündə - 10 may tarixində Şuşanın mərkəzi meydanından xalqa müraciət etməsi də Şuşanın bizim üçün, bütün türk dünyası üçün dəyərindən xəbər verir. Bugünkü təqvim, eyni zamanda, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması ilə tarixə düşmüşdür. İki qardaş dövlətin qarşılıqlı münasibətlərini bütün sahələrdə ən yüksək səviyyədə bəyan edən bu sənədin Şuşada imzalanması da torpaqlarımızın işğaldan azad edilməsinin türk dünyası üçün əhəmiyyətindən xəbər verir”.
“Bildiyiniz kimi, ötən il TÜRKSOY-a üzv ölkələrin mədəniyyət nazirlərinin Bursa şəhərində keçirilən iclasında Şuşa şəhəri “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilmişdir. Xoş təsadüfdür ki, bu qürurverici estafet məhz Türkiyənin qədim tarix və mədəniyyətə malik Bursa şəhərindən Şuşaya ötürülmüşdür. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Şuşanın türk dünyasının mədəniyyət paytaxtı olması münasibətilə müvafiq tədbirlər planı hazırlanmış və tədbirlərin artıq bəziləri müvəffəqiyyətlə icra edilmişdir”,- deyə Aydın Kərimov söyləyib.
Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi qeyd edib ki, Şuşa işğaldan azad olunduqdan dərhal sonra beynəlxalq müstəvidə dostluq və tərəfdaşlıq münasibətlərinin qurulması istiqamətində mühüm addımlar atılmışdır: “Belə ki, müxtəlif ölkələrin 9 şəhəri ilə qardaşlaşma və tərəfdaşlığa dair protokol imzalanmışdır ki, bunlardan ikisi məhz Türkiyənin Ərzurum və Kayseri şəhərləridir. Həmçinin Türk dövlətlərindən Qazaxıstanın Türküstan, Özbəkistanın isə Xivə şəhərləri ilə də qardaşlıq münasibətləri qurulmuşdur. Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində qoşulan Macarıstanın Veszprem şəhəri də Şuşa ilə əməkdaşlıq əlaqələri quran şəhərlər sırasındadır”.
Aydın Kərimov vurğulayıb ki, torpaqlarımız işğaldan azad edildikdən dərhal sonra Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq Şərqi Zəngəzur və Qarabağda aparılan bərpa-quruculuq işləri fonunda Şuşada da bir çox məsələlər öz həllini tapmış, iri layihələr həyata keçirilmiş və bu istiqamətdə işlər sürətlə, mütəşəkkil qaydada davam etdirilməkdədir: “Qısa zaman kəsiyində Şuşada 13 abidə, o cümlədən 2 məscid tam bərpa edilmişdir. Şəhərin kommunal və yol infrastrukturunun yenidən qurulması istiqamətində bir çox işlər görülmüşdür”.
“İşğaldan azad edilən ərazilərimizdə Türkiyə şirkətlərinin səmərəli fəaliyyətini də xüsusi olaraq vurğulamaq istərdim. Yeni Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun salınmasında Türkiyə şirkətlərinin də xüsusi fəallığı ilə aparılan işin nəticəsidir ki, ümumilikdə 81.6 km uzunluğu olan otobanın növbəti ildə istifadəyə verilməsi planlaşdırılır. Cənab Prezidentin bizim qarşımızda qoyduğu əsas vəzifə Ermənistanın apardığı işğalçı siyasət nəticəsində yurdlarından məcburi köçürülmüş vətəndaşlarımızın öz ata-baba yurdlarına qaytarılmasıdır. Böyük məmnunluqla bildirmək istəyirəm ki, artıq bu istiqamətdə bir çox işlər görülmüşdür və ilin sonunda yüzlərlə şuşalının öz doğma yurdlarına köçürülməsi planlaşdırılır. Bununla bağlı hazırda ilkin olaraq 23 yaşayış binasının tikintisi davam etdirilir” ,- deyə xüsusi nümayəndə əlavə edib.