Bakıda iş adamına hücum edərək içərisində 479 075 manat olan çantasını əlindən alan şəxslərin məhkəməsi başa çatıb. News24.az-ın əldə etdiyi məlumata görə, 1971-ci il təvəllüdlü Elşən M. və 1996-cı ildə anadan olmuş Faiq N. Cinayət Məcəlləsinin 181.3.2 və 181.3.3-cü (Quldurluq - 181.3.2. külli miqdarda əmlak əldə etmək məqsədilə və sağlamlığa ağır zərər vurulmaqla) maddələri ilə təqsirləndiriliblər.
Məlum olub ki, hadisə ötən ilin 16 avqust tarixində paytaxtın Nərimanov rayonu Təbriz küçəsində yerləşən binanın dəhlizində baş verib. Elşən və Faiq əvvəlcədən hazırladıqları plana əsasən iş adamı, valyutadəyişmə fəaliyyəti ilə məşğul olan Bəxtiyar S-i izləyiblər. Belə ki, nazirliklərdən birində sürücü işləyən və hadisə yerinə xidməti avtomobillə gələn 52 yaşlı Elşən pusquda dayanıb. Faiq isə əvvəlcədən öyrəndiyi kodla binanın qapısını açaraq dəhlizdə Bəxtiyarı gözləyib.
Bəxtiyar əlindəki komputer çantası ilə bloka daxil olarkən Faiq ona hücum edərək vəhşicəsinə döyüb. O, daha sonra huşunu itirən biznesmenin çantasını götürərək qaçıb və Elşənin avtomobilinə minərək uzaqlaşıb. Onlar cinayəti təşkil etmiş Elşənin qohumu Yusifin yanına gediblər və çantanı açdıqda içərisində 479075 manat (5540 manat ekvivalentində 200000 rus rublu, 365500 manat ekvivalentində 215000 dollar və 108000 manat) aşkar edərək aralarında bölüblər.
Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verən Faiq N. hadisə barədə bunları deyib: "Yusif bizə həmin adam barədə məlumat vermişdi. Sonra plan quraraq Elşənlə mənə harada görüşəcəyimizi, saatını, yerini və digər detalları demişdi. Həmin gün Bəxtiyarı görən kimi ona iki yumruq vurdum və içərisi pulla dolu çantanı götürüb blokdan çıxdım. Götürdüyüm puldan Yusif mənə 115 min manat verdi. Bizi bu əməli törətmək üçün o istiqamətləndirmişdi. Elşənin cinayət əməlində işi zərərçəkmiş şəxsin bloka girməsini mənə xəbər verməkdən ibarət idi. Yusif isə Bəxtiyarın blokunun qapısının kodunadək hər detalı bilirdi. Əldə olunmuş pul üç adamın, yəni mənim, Elşənin və Yusifin arasında bölüşdürüldü. Pul bölgüsündən ən çox Yusifə pay düşdü. Pulu elə o özü böldü.