“Fransanın Avropa və xarici işlər nazirliyinin mətbuat katibi tərəfindən Azərbaycan-Ermənistan sərhəd bölgəsində baş vermiş təxribatlarla əlaqədar bəyanat bölgədəki mövcud vəziyyəti təhrif edir və qərəzlidir”.
Pravda.az xəbər verir ki, bu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Fransanın Avropa və xarici işlər nazirliyinin mətbuat katibi Ann-Kler Lejandrın 16 iyun tarixli bəyanatına cavabında bildirilib.
“Fransa tərəfinə xatırlatmaq istərdik ki, Azərbaycan beynəlxalq norma və qaydalara uyğun olaraq təsis etdiyi Laçın dövlət sərhədindən buraxılış məntəqəsindən hər iki istiqamətə yüzlərlə erməni sakininin tənzimlənən şəkildə, sərbəst və təhlükəsiz hərəkətini təmin edib. Bu səylərə baxmayaraq, 15 iyun tarixində məhz Ermənistan tərəfindən sərhəd keçid məntəqəsinin atəşə tutulması nəticəsində sərhədçimiz yaralanıb. Hal-hazırda, sərhəddən keçid üzrə təhlükəsizlik və istintaq tədbirləri həyata keçirilir.
Ermənistan tərəfindən Laçında qeyd edilən təxribata və digər istiqamətlərdə ərazilərimizin atəşə tutulmasına baxmayaraq, Fransa tərəfinin məsələyə birtərəfli yanaşması təəssüf doğurur.