Bu gün Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının növbəti iclası keçirilib.
Pravda.az xəbər verir ki, Komissiyanın sədri Samir Nuriyev iclası giriş sözü ilə açaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən genişmiqyaslı tədbirlər haqqında ətraflı çıxış edib, həmçinin ötən dövrdə Komissiyanın fəaliyyəti barədə məlumatları diqqətə çatdırıb.
Qeyd olunub ki, Azərbaycan Respublikasının sürətli inkişaf dinamikası fonunda ölkəmizdə korrupsiyaya qarşı effektiv mübarizəni təmin edən və müasir dövrün tələblərinə cavab verən səmərəli mexanizmlər sistemi formalaşıb. Qanunvericilikdə aparılmış dəyişikliklər və həyata keçirilən mütərəqqi institusional islahatlar bu sahədə ixtisaslaşmış nüfuzlu təşkilatlar olan Avropa Şurasına üzv dövlətlərin Korrupsiyaya qarşı Dövlət Qrupu (GRECO) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Antikorrupsiya Şəbəkəsi tərəfindən yüksək qiymətləndirilib.