Xalq artisti Afaq Bəşirqızının “Elgizlə izlə” verilişində qeyri-etik ifadə işlətməsi, buna görə bir neçə saatlıq ARB TV-nin öz yayımını dayandırması gündəmin əsas qalmaqallı mövzularından birinə çevrilib. Xalq artisti sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib, tənqidlərə məruz qalıb.
Lakin bir çox sənətçi Afaq Bəşirqızının müdafiəsinə qalxaraq, öz “İnstagram” səhifəsində paylaşımlar ediblər.
Xalq artisti Brilliant Dadaşova bu barədə qeyd edib: “Deməli, xalqımıza qarşı yönəlmiş informasiya müharibəsi sürətlə davam edir. Susdurun ziyalıları, şairləri, aktyorları... O informasiya müharibəsini, gözdən salma kampaniyasını aparanlar, hökuməti, millət vəkillərini, ziyalıları və tanınmış insanları təhqir edib, hər sözdən bir qəmbərqulu çıxarıb situasiyanı istədikləri istiqamətə yönəldirlər. Xalqın, inkişafın ən aşağı pilləsində dayananlar isə özləri də bilmədən özümüzü baltalayırlar”.
Əməkdar artist Vasif Məhərrəmli isə bildirib ki, Afaq Bəşirqızına olan hücumlar kimlərsə tərəfindən hazırlanan və məqsədyönlü şəkildə atılan addımlardır: “Afaq xanım Bəşir qızı xalqa kifayət qədər bəlli olan, hər bir vəziyyətdə sözünü deyə bilən və heç vaxt kiməsə yarınmaqla hansısa bir vəzifəyə can atan bir sənət adamı olmayıb və bundan sonra da onu heç vaxt o cür görməyəcəyik. Güman edirəm, bu gün Afaq xanıma qarşı olan bu hücumlar kimlər tərəfindənsə hazırlanmış və məqsədyönlü şəkildə atılan addımlardır.
Afaq xanım, heç də üzülməyin, canınız sıxılmasın, qanınız da heç qaralmasın. Haqq- ədalət nazilər, amma üzülməz. Siz təlim- tərbiyənizlə bizlərə örnək və sevimli sənətkarımızsınız!”
Ötən il efirdə qeyri-etik ifadələr səsləndirdiyinə görə uzun müddət qalmaqal yaşayan müğənni Rüfət Axundov isə qeyd edib ki, Afaq Bəşirqızı efirdə hörmətsizlik etməyib: “Bir sözün ucundan tutub, ucuzluğuna getmək olmaz. Afaq xanım nə efirə, nə də tamaşaçısına hörmətsizlik etməyib. Bunu xalqa, mədəniyyətə hörmətsizlik kimi qələmə verməməliyik. Onun gördüyü işləri saysaq, bitməz. Az güldürüb üzümüzü?