Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 19-da Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Haysam Əl-Qaysı qəbul edib.
Pravda.az xəbər verir ki, Haysam Əl-Qays ilk növbədə Səudiyyə Ərəbistanı Krallığının Energetika naziri, Şahzadə Əbdül Əziz bin Salman Əl-Səudun salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Şahzadə Əbdül Əziz bin Salman Əl-Səuda çatdırmağı xahiş etdi.
Görüşdə Azərbaycanla OPEC+ ölkələri arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd edildi. Baş katib vurğuladı ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan OPEC+ formatı yaranan ilk gündən bu əməkdaşlığa böyük töhfə verir və o, buna görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.
Eyni zamanda, bu gün qlobal neft bazarında OPEC+ formatında fəaliyyətin roluna toxunuldu, indiyədək bu bazarda sabitliyin əldə edilməsinin məhz bu formatda həyata keçirilən fəaliyyət nəticəsində mümkün olduğu xüsusi qeyd edildi.