“Şərur İnşaat” tikinti şirkətinin fırıldaqları barədə KİV-lərə və mətbuata mütəmadi olaraq şikayətlər daxil olmaqdadır. Şirkət rəhbərliyinin binalarda dayaq sütunlarının sökülməsinə göz yumması, bir mənzilin bir neçə vətəndaşa satılması, inşa etdiyi binalarda qeyri-qanuni fəaliyyətlə məşğul olaraq sakinlərdən kommunal xidmət adı altında aylıq külli miqdarda pul yığılması ilə bağlı dələduzluq halları “Şərur İnşaat”ın əsas devizlərindən biridir.
Bir neçə gün bundan əvvəl isə şirkətin Nərimanov rayonu Ceyhun Hacıbəyli küçəsindəki binasındakı blokların birində içində sakinlərin də olduğu qəzalı lift 9-cu mərtəbədən boşluğa düşüb. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Amma bu məsələ əsəbləri onsuz da tarıma çəkilən sakinləri bir az da özündən çıxarıb.
Bina sakinləri özünü komendant adlandıran və hər bir mənzildən aylıq 55-60 manat yığan Fərman adlı şəxsə müraciət etsələr də, o bildirib ki, liftlərin yeniləri ilə əvəzlənməsi qeyri-mümkündür və İsfəndiyar müəllimin buna imkanı çatmır. Odur ki, bu məsələni sakinlər özləri həll etməlidir. Bəs onda belə bir sual yaranır ki, qeyri-qanuni və heç bir qəbz verilmədən yığılan pullar hara gedir?!
“İrəvan SSR” lift zavodunun istehsalı olan və çoxdandır qəzalı vəziyyətə düşən bu liftlər nə üçün müasir və təhlükəsiz qaldırıcı qurğularla əvəz edilmir?! Axı Azərbaycan dövlətinin əsas prioriteti onun vətəndaşının təhlükəsizliyidir, nədən “Şərur İnşaat” Azərbaycan vətəndaşlarını hər an təhlükə ilə üz-üzə qoyur?
Araşdırmamız deməyə əsas verir ki, bu illər ərzində adıçəkilən inşaat şirkəti binalarda Azərbaycan Respublikasının qanunlarına zidd fəaliyyət göstərib, heç bir vergi ödəməyib. Yanğın və digər təhlükəsizlik qaydalarına məhəl qoymayan “Şərur İnşaat” öz fəaliyyətini keçən əsrin 90-cı illəri aspektində, reket şəklində qurub. Qeyd edək ki, yeni tikilən binalarda sakinlər tərəfindən MMMC-lər yaradılmalıdır. Lakin “Şərur İnşaat” buna imkan vermir.