Çikaqo Universitetinin (University of Chicago) alimləri koronavirusa qarşı hazırladıqları vaksini sınaqdan keçirərək uğurlu nəticələr əldə ediblər. Ali təhsil müəssisəsinin Molekulyar mühəndislik fakültəsinin azərbaycanlı doktorant tələbəsi Aslan Mansurov da elmi təcrübə qrupunda təmsil olunur. Eyni zamanda həmyerlimizin işlədiyi laboratoriyada xərçəng xəstəliyi əleyhinə də yeni immunopreparat hazırlanıb. Gənc tədqiqatçı müsahibə verib.
- Əvvəlcə özünüz haqqında bir qədər məlumat verərdiniz...
- 1996-cı ildə Bakı şəhərində anadan olmuşam. Mən hələ məktəbdə oxuyarkən dəqiq elmlərə, xüsusilə fizika və kimya sahələrinə maraq göstərirdim. Nəticədə bu sahədə işləməktən zövq aldığımı hiss etdim. Ona görə də gələcəyimi bu elm sahələri üzərində qurmağı qərara aldım. Məktəb illərində bir sıra olimpiadalara qatıldım. 2012-ci ildə ABŞ və Türkiyədə keçirilən olimpiadalarda iştirak edib uğurlu nəticələr qazandım. 2013-cü ildə “Qafqaz” Gimnaziyasını qızıl medalla bitirdim. Elə həmin il SOCAR-ın Xarici Təqaüd Proqramı ilə ABŞ-ın Minnesota Universitetinin (University of Minnesota) Kimya mühəndisliyi ixtisasına qəbul oldum. Kimya mühəndisliyi bütün dünyada hər zaman aktual və ənənəvi sahədir. Elə ölkəmizdə də kimya və neft sənayesi inkişaf edib, bu sahəyə bələd olan yaxşı mütəxəssislər var. Bu səbəbdən SOCAR-ın Xarici Təqaüd Proqramında bu ixtisasın zəruriliyi qeyd olunub. 2017-ci ildə ali təhsil müəssisəsini fərqlənmə ilə bitirib birbaşa doktoranturaya müraciət etdim. Bu, ABŞ təhsil sistemində mümkündür. Yəni magistratura oxumadan doktoranturaya qəbul ola bilirsiniz. Çünki magistr proqramları ödənişli əsaslarla olur, ancaq doktoranturada həm təhsil almaq, həm də işləmək olur. Hazırda Çikaqo Universitetinin Pritzker Molekulyar Mühəndislik İnstitutunda (Pritzker School of Molecular Engineering) təhsilimi davam etdirirəm. Təhsilimin ilk ilində bu sahənin alimləri, professorları ilə tanış oldum və işləyəcəyim laboratoriyalar haqqında araşdırmalar apardım. Universitetin Molekulyar mühəndislik fakültəsində Kvantum, Polimer, Enerji və İmmun sistemi mühəndisliyi olmaqla, dörd müxtəlif aktual sahələrdə araşdırmalar aparılır və bu tədqiqatları dəstəkləyən müxtəlif laboratoriyalar var. Araşdırmalarda fəal iştirak edən 40-a yaxın professor var. Onların hər birinin özünəməxsus tədqiqat sahələri mövcuddur. Belə bir heyətdə təmsil olunduğum üçün çox şanslıyam.
- Hazırda laboratoriyanızda koronavirusla bağlı araşdırmalar aparılır və ilkin nəticələr də əldə olunub...
- ABŞ laboratoriyalarının əksəriyyətində bütün tədqiqatlar, demək olar ki, dayandırılıb və sadəcə, koronavirusla bağlı araşdırma aparılır. Mənim təmsil olunduğum elmi qrupun rəhbəri Cefri Hubel (Jeffrey Hubbell) biomühəndislik və immunologiya sahəsi üzrə dünyanın ən aparıcı ekspertlərindən biridir. O, ABŞ-ın Milli Tibb Akademiyasının (National Academy of Medicine) və Milli Mühəndislik Akademiyasının (National Academy of Engineering) seçilmiş üzvüdur. Hazırda təxminən 7-8 nəfərdən ibarət bir araşdırma qrupumuz var. Təcrübə, elmi biliklərimiz və beynəlxalq nəşrlərdə dərc olunan məqalələrimizi nəzərə alaraq bizi bir araya gətiriblər. Artıq üç ildir buradayam və laboratoriyanın ən təcrübəli işçilərindən biriyəm. ABŞ-ın Milli Səhiyyə İnstitutu (National İnstitute of Health) koronavirusa qarşı istifadə ediləcək vaksinin hazırlanması üçün çox böyük vəsait xərcləyir. Hazırda bütün laboratoriyalar gücləndirlimiş iş rejimində işləyir və bir-biriləri ilə rəqabət aparırlar. Laboratoriyamızda koronavirus vaksininin hazırlanması istiqamətində işlər davam edir. Artıq ilk mərhələni keçmişik və gələn həftədən etibarən vaksini siçanlar üzərində sınaqdan keçirəcəyik.
Bir çox infeksiyalar kimi, demək olar ki, koronavirusu da genetik materiyanı qoruyan böyük bir zülaldır. COVID-19-un səthində olan və insan hüceyrələrinə bağlanan “Spike” adlı zülala qarşı vaksin hazırlıyırıq. Bu vaksin siçanlara yeridiləndən təxminən 10-14 gün sonra koronavirusa qarşı qan dövranında immunoqlobulinlərin yaranmasına səbəb olur. Bu immunoqlobulinlər isə infeksiyanı neytrallaşdırmaq qabiliyyətindədir. Biz həmin siçanların qanından əldə olunan immunoqlobulinləri toplayıb insan hüceyrələri üzərində yoxlayacayıq. İmmunoqlobulinlərin də insan hüceyrələrini koronavirusa yoluxmadan qoruyacağını ehtimal edirik. Bizim laboratoriyamızda immun xəstəlikləri, xüsusilə xərəçəng və autoimmun xəstəlikləri də araşdırılır. Əslində vaksin hazırlığı da immunoloji cəhətdən bu cür xəstəliklərə bənzəyir. Ali təhsil müəssisəsinin laboratoriyalarının vaksin platforması çox geniş və güclüdür. Biz hesab edirik ki, koronavirusa qarşı hazırladığımız vaksin bu infeksiyaya qarşı mübarizədə daha güclü bir vasitə olacaq. Pandemiya yaranandan bəri ABŞ-da 20-yə yaxın vaksin hazırlanıb və hazırda kliniki tədqiqatlar həyata keçirilir. Həmin vaksinlər bizim peyvənd platformasına nisbətən daha asan hazırlanır. Güman edirik ki, həmin vaksin növləri yararlı olmazsa, bizim hazırladığımız peyvəndin kliniki təcrübədən keçmə ehtimalı böyükdür. Hər birimiz gün ərzində təxminən 8 saat çalışırıq. Əgər hazırladığımız vaksin ABŞ Milli Səhiyyə İnstitutu tərəfindən bəyənilərsə, həkimlərlə işləməklə insanlar üzərində sınaqdan keçirəcəyik.
- Mütəxəssislər hansısa bir infeksiyaya qarşı vaksinin hazırlanması və tətbiqi üçün uzun müddət lazım olduğunu deyirlər. Bəs siz necə düşünürsüz?
- Bəli, vaksinin insanlar üzərində sınaqdan keçirilməsi uzun müddət çəkir. Kliniki tədqiqatların birinci mərhələsində (Phase 1 Clinical Trial) peyvəndin təhlükəsizliyi təxminən 20-50 sağlam insan üzərində yoxlanılır. İki ay müddətində vaksinin əks təsirlərinin olmadığını və qanda virusa qarşı immunoqlobulinlərin yarandığını gördükdən sonra ikinci mərhələyə keçilir. İkinci mərhələdə isə daha çox insan cəlb olunur. Əgər bir vaksin hazırlanırsa, ilk öncə təhlükəsizlik, daha sonra isə effektivlik əsas götürülür. Hansısa bir vaksinin hazırlanması, kliniki sınaqlardan keçməsi və insanlarda geniş tədbiqi üçün ən azı 2 il lazımdır. Biz hələ ki siçanlar üzərində çalışırıq. Bu, mövcud şərtlərdə kifayət qədər yaxşı model hesab olunur. Düzdür, sicanların orqanizmi insanlara bənzəməsə də, yenə bu metodla uğurlu nəticələr əldə etmək mümkündür.