20 iyul tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Krallığa işgüzar səfəri çərçivəsində Xəzər Siyasət Mərkəzi tərəfindən təşkil edilmiş Xəzər Bağlantı Konfransında çıxış edib.
XİN-dən verilən məlumata görə, nazir Ceyhun Bayramov çıxışında müstəsna coğrafi mövqeyi olan Xəzər regionunun yaratdığı əvəzedilməz imkanlardan bəhs edib.
Bu gün Mərkəzi Asiyadan, Xəzər dənizindən və daha sonra Qafqazdan keçən nəqliyyat marşrutlarının əhəmiyyətinin daha da artdığını vurğulayıb. Azərbaycanın nəqliyyat infrastrukturunun şaxələndirilməsinə və modernləşdirilməsinə diqqət yetirildiyini, Avropa ilə Asiya arasında ticarət və logistikanı gücləndirmək üçün bir sıra nəqliyyat infrastrukturu layihələrinin təşviq olunduğunu bildirib.
Çıxışında nazir Ceyhun Bayramov həmçinin Azərbaycanın Bakı-Tbilisi-Qars dəmir yolu və Trans-Qafqaz fiber-optik kabel layihəsi kimi bir sıra digər regional əlaqələndirmə layihələrinin reallaşdırılmasında fəal təşəbbüskar və etibarlı tərəfdaş olduğunu diqqətə çatdırıb.
Nazir Ceyhun Bayramov ümumilikdə 2022-ci il ərzində Azərbaycan üzərindən tranzitin 75% artdığını bildirərək bütün kommunikasiyaların açılmasının regionumuzda davamlı sülh və sabitliyə daha da töhfə verəcəyinə, ticarət və nəqliyyatı əhəmiyyətli dərəcədə artıracağına əminliyini ifadə edib. Bu mənada ön plana çıxan təşəbbüs olan və Orta Dəhliz daxilində əlaqəni daha da artırmaq potensialına malik Zəngəzur dəhlizinin əhəmiyyətindən bəhs edib. Aparılan səylərə baxmayaraq, Ermənistan tərəfindən kommunikasiyaların açılmasına törədilən çətinliklər diqqətə çatdırılıb.