Büdcəyə Neft Fondundan gələn pulda bir problem olmayacaq, neft 5 dollar da olsa Neft Fondu büdcəyə bu 11 mlrd. 350 mln. manat pul köçürəcək. Ona görə də bu il büdcədən maaş-təqaüd-müavinat alanlar öz pullarını alacaqlar, amma büdcə tək Neft Fondundan köçürmələrdən ibarət deyil axı - bu məbləğ büdcənin 48%-ni təşkil edir.
Büdcəyə neft şirkətlərindən müxtəlif vergilər şəklində 2 mlrd. manat civarında pul gəlməli idi - bu proqnoz neftin 55 dollar olması varsayımı ilə hesablanmışdı. Bu il neft qiyməti ortalama 30 dollar olsa (optimist ssenari), büdcəyə neft şirkətlərindən gələn vergi həcmi azı 1 mlrd. manat azalacaq.
Qapadılan sahələr var - turizm, içtimai iaşə, sərnişindaşıma, qeyri-ərzaq ticarəti, onlardan gələn vergilər azalacaq, hətta rəsmən qapadılmayan sahələrdən də (ərzaq və aptekdən başqa) büdcəyə vergi dacilolmaları azalacaq. Postkarantin dönəmində də azalma davam edəcək - büdcə, ən azı 500 mln. manat itirəcək.
İdxal da azalıb-azalacaq, deməli Gömrük rüsumlarından gələn vəsait də azalacaq, bu il ən azı 250-300 mln. Gömrükdən daxilolma da azalacaq. Ümumilikdə iqtisadi aktivliyin zəifləməsi başqa müxtəlif sahələrdən gələn vergilərdə də, azı 250-300 mln. azalma gözlənilir. Deməli, büdcə daxilolmalarında, azı 2 mlrd. manat azalma olacaq.