Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun gözlənilməz istefasından sonra övladları Rza və Seymur Talıbovlar milyonlarla dollar dəyərindəki şirkətlərini və mülklərini başqa şəxslərin adlarına keçiriblər. Bu, OCCRP-nin əvvəlki araşdırmalarında öz əksini tapıb.
Pravda.az Meydan TV-yə istinadla xəbər verir ki, həmin şirkətlərdən biri də Türkiyənin İzmir şəhərində qeydiyyatdan keçən “REGES Turizm İnşaat Sanayi ve Ticaret Anonim” şirkətidir. Bu şirkət dünyaca məşhur Marriott otellər qrupuna aid olan “The Luxury Collection”un lüks otel kateqoriyasında xidmət göstərən, “Reges, a Luxury Collection Resort & Spa, Çeşme” adlı hotel və kurortun sahibidir.
Çeşmə bölgəsində yerləşən dəbdəbəli mehmanxanın məxsus olduğu şirkət isə 2014-cü ildə Vüqar Abbasov adlı şəxs tərəfindən yaradılıb.
Vüqar Abbasov Naxçıvan Muxtar Respublikasında iri holdinqlərdən biri olan “Cahan Holdinq”in prezidentidir. Rza və Seymur Talıbovun sosial media hesabları onu da göstərir ki, Abbasov həm də ailə ilə yaxındır.
Abbasov eyni zamanda, 2008-ci ildə Talıbovlar ailəsinin bir neçə üzvü ilə birgə bank yaradıb. Naxçıvan bankın sənədlərinə görə, o, 2018-ci ilin martında hissələrini Baharxanım və Seymur Talıbovlara sataraq şirkəti tərk edib.
2014-cü ildə “Reges” şirkətinin İdarə Heyətinin sədri İbrahim Çələbi adlı şəxs olub. Çələbi həmçinin uzun müddətdir ki, Talıbovların ailə şirkəti kimi tanınan “Gəmiqaya” holdinqində də fəaliyyət göstərir.
