“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” Publik Hüquqi Şəxsinin cari ilin martın 27-də elan etdiyi “İmtiyazlı qrupa daxil olan xəstələrin təminatı üçün dərman vasitələrinin satın alınması” tenderinin nəticələri və qalibi açıqlanıb. Bizim.Media xəbər verir ki, ümumi dəyəri 7 milyon 852 min 864 manat olan tenderin qalibi “Zeytun Pharmaceuticals” MMC (VÖEN - 1701688171) elan olunub.
Yaxın vaxtlarda tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin şərtlərinə görə, şirkət Dövlət Agentliyi üçün 500 ədəd adenozin-nikotinamid-sitoxrom preparatı, 7000 ədəd “Alloxor-N 10”, 1000 ədəd aluminium hidroksid+maqnezium hidroksid, 6000 ədəd aminofillin, 10 min 500 ədəd amlodipin, 30 min ədəd ampisillin-natrium, 10 min ədəd askorbn turşusu, 10 min ədəd difenhidramin hidroxlorid, 12 min ədəd desmopressin, 20 min ədəd enalapril, 14 min ədəd pankreatin 3500 BV və digər 83 adda dərman preparatlarının satın alınmasını həyata keçirəcək.
Qeyd edək ki, Bakının bir çox metro stansiyalarında fəaliyyət göstərən “Zeytun” apteklər şəbəkəsini özündə birləşdirən “Zeytun Pharmaceuticals” MMC 9 oktyabr 2014-cü ildə təsis edilib və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən dövlət qeydiyyatına alınıb.
Əldə etdiyimiz məlumata görə, şirkətin qanuni təmsilçisi olan Bəhruz Şirəliyev “Nurgün Holding”in rəhbəri Nuru Əliyevə yaxınlığı ilə bilinir. Təsadüfi deyil ki, vaxtilə Nuru Əliyevin sponsoru olduğu “Rəvan” futbol klubunun vitse-prezidenti Bəhruz Şirəliyev olub. Şirkətin Azərbaycanda ümumilikdə 500-dən çox aptekə malik olduğu bildirilir.
Qeyd edək ki, təkcə 2021-ci ilin oktyabr ayı ərzində yalnız İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu şirkətə üst-üstə 11 milyon manatdan artıq dəyəri olan tenderlər verib.
2022-ci ilin fevral ayında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “tibb müəssisələri üçün dərman vasitələrinin satın alınması” üzrə tenderin qalibi nədənsə məhz "Zeytun Pharmaceuticals" MMC olub və 1 milyon 518 min 166 manat dəyərində satınalama müqaviləsinə sahib olub.
Həmin ilin iyulun 15-də İnnovasiya və Təchizat Mərkəzinin profilaktika müəssisələrinin təminatı üçün zəruri olan və Tədbirlər proqramları üçün nəzərdə tutulmuş dərmanların, diaqnostik, laborator və digər tibbi təyinatlı vasitələrin, ləvazimatların və materialların satınalınması üzrə 1 milyon 851 min 424 manatlıq tenderini qazanıb.
İki ay sonra, yəni sentyabr ayının 9-da şirkət yenidən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “dərman vasitələrinin satınalınması” üzrə tenderinin qalibi olub və aralarında 3 milyon 399 min manatlıq müqavilə imzalanıb.