20 iyunda Birləşmiş Krallığa işgüzar səfər çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Birləşmiş Krallığın Avropa regionu üzrə dövlət naziri Leo Dokertinin iştirakı ilə iki ölkə arasında Strateji Dialoqun iclası keçirilib.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, iclasda Azərbaycan-Birləşmiş Krallıq arasında strateji dialoq məsələlərini özündə ehtiva edən siyasi məsləhətləşmələrin bir çox aspektlərinə dair ətraflı fikir mübadiləsi aparılıb, regional və beynəlxalq gündəliyin qarşılıqlı maraq doğuran məsələləri müzakirə edilib.
Azərbaycan və Birləşmiş Krallıq arasında bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın olduğu, Azərbaycanın mühüm ticarət tərəfdaşı kimi xüsusi əhəmiyyəti vurğulanıb. Birləşmiş Krallıq şirkətlərinin Azərbaycan iqtisadiyyatının istər neft, istərsə də qeyri-neft sektorunda uğurla fəaliyyət göstərdiyini, iqtisadi əməkdaşlığın daha da dərinləşməsi üçün geniş imkanların mövcudluğu bildirilib.
Nazir Ceyhun Bayramov bölgədə mövcud olan cari vəziyyət, o cümlədən sülh prosesi ilə bağlı Azərbaycan tərəfindən atılan addımlar, Azərbaycanın iki ölkə arasında münasibətlərin normallaşması ilə bağlı mövqeyi, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri ilə bağlı məlumat verib. Ermənistan tərəfindən üçtərəfli bəyanatın müddəalarının pozulmasının bölgədə sülh quruculuğuna əngəl olduğu qarşı tərəfin diqqətinə çatdırılıb.
İclasda Azərbaycanda həyata keçirilən humanitar minatəmizləmə fəaliyyəti barədə fikir mübadiləsi aparılıb. Birləşmiş Krallığın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsinə verdiyi töhfə, bu ərazilərin yenidən qurulması və bərpası işlərində onların yaxından iştirak niyyətləri təqdir olunub.