24 iyun 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Draqana Kojiç arasında görüş keçirilib.
XİN-dən verilən məlumata görə, görüş zamanı, Azərbaycanla BQXK arasında əməkdaşlıq məsələləri, Laçın yolu ətrafında vəziyyət, habelə BQXK-ın Azərbaycanın Xankəndi şəhərində fəaliyyəti məsələləri müzakirə olunub.
Nazir Ceyhun Bayramov Laçın sərhəd buraxılış məntəqəsinin fəaliyyəti ilə bağlı yaranmış vəziyyətlə əlaqədar bildirib ki, məntəqə təsis ediləndən sonra gündəlik əsasda erməni sakinlərin hər iki istiqamətdə şəffaf, təhlükəsiz və nizamlanan keçidi üçün müvafiq şərait yaradılıb, 23 aprel tarixindən yüzlərlə erməni sakinlərin keçidi təmin olunub. Erməni sakinlərlə sərhədçilərimiz arasında normal ünsiyyət formalaşdırılması bu prosesi həzm edə bilməyən Ermənistanın 15 iyun tarixində keçid məntəqəsini atəşə tutması ilə nəticələnib və bu, Laçın sərhəd buraxılış məntəqəsindən təhlükəsiz keçidə maneçilik törədib.