Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi "Olar səni qucaqlayım?” şeirinə görə işdən qovduğu sürücünün məhkəmə şikayəti təmin edilməyib.
Qaynarinfo-nun məlumatına görə, Dövlət Xidmətinin ştatdankənar sürücüsü Sərxan Həmzəyev (soyad şərti) sözügedən şeirə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən işdən (qeyri-iş vaxtında) azad edilib.
Sərxan izahatında bildirib ki, işlədiyi müddətdə bütün kollektivlə mehriban, söz-söhbətsiz, səmimi davranışına görə hər kəsin yanında hörməti olub. Heç kimlə mübahisə etməyib. Hər zaman bayramlarda və yaxud adi günlərdə belə "WhatsApp” proqramı vasitəsilə iş yoldaşları ilə bir-birlərinə videoroliklər, şeirlər göndəriblər. Son günlər sosial şəbəkələrdə poetessa Aytac xanımın "Olar səni qucaqlayım?” şeiri paylaşılıb. Bu şeirə qulaq asanda o, çox kövrəlib, çünki əzizlərini itirmiş insanlara aid şeir olub. O, da insan olaraq atasını, anasını və bacısını itirib. Həmin şeiri telefonuna yükləyib həyat yoldaşına, bacısına, qohumlara, tanışlara, özünə yaxın bildiyi, ərk etdiyi iş yoldaşlarına göndərib. Göndərdiyi hər kəsdən müsbət cavab alıb. Lakin onların arasında Dövlət Xidmətinin Mədəni irsin inkişafı və bərpası şöbəsinin aparıcı məsləhətçi vəzifəsini müvəqqəti icra edən Nərmin Bayramova onun göndərdiyi şeiri qeyri-adekvat başa düşərək, bunu etik normalardan kənar bir şeir kimi qəbul edib.
Sürücü "şeiri niyə belə mənada başa düşdüyünü" ondan soruşub. Lakin Nərmin xanım ona cavab verməyib və danışmaq istəməyib. Səhər isə rəhbərliyə ondan şikayət edib. Qurumun rəhbəri bununla bağlı həm Sərxana, həm Nərmin xanıma izahat yazdırıb.