Xəbər verdiyimiz kimi, bir neçə ay əvvəl Rusiyanın təbliğat dairələrinə yaxın mənbə adının çəkilməməsi şərti ilə bildirib ki, Fransa hökuməti ilə Yevgeni Priqojin arasında “Vaqner” muzdlularının bir hissəsinin dünyanın başqa bir yerində istifadə oluna biləcəyinə dair müəyyən razılaşma var.
Digər tərəfdən, öz əli ilə məhvinə imza atan “Vaqner”in bundan sonra Rusiyada baş qaldıra biləcəyi real görünmür. 25 minlik şəxsi heyətə malik olan ordu isə harasa yerləşməlidir. Bu baxımdan Fransa və Rusiya hansısa formada razılığa gələ və “Vaqner”in bir hissəsini doğrudan da sərhədimizə göndərə bilərlər.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə öz feysbuk hesabında qeyd edib ki, “Vaqner” muzdlu qruplaşmasının üzvlərinin Suriya, Liviya, Çad və Ukraynadakı müharibələrdə iştirakları ilə yanaşı, Qarabağdakı döyüşlərdə də erməni separatçılarına dəstəyi barədə məlumatlar var:
““Vaqner”in Rusiyada xaos yaratmaq və Kremllə qarşıdurması fonunda rusiyalı muzdluların erməni separatçılarıyla bağlılığı diqqəti çəkib. “Vaqner” qruplaşmasının keçmiş üzvlərindən Viktor Oqnev İkinci Qarabağ müharibəsindən bir neçə gün sonra Rusiyanın “Novaya qazeta” qəzetinə verdiyi müsahibədə özəl hərbi şirkətin 500 muzdlusunun Qarabağa gəldiyini və bölgənin şimalında Azərbaycan ordusuyla savaşdığını bildirmişdi.
“Vaqner” muzdluları arasında ermənilər də var. Onlardan biri - Qarabağ doğumlu Ayk Qasparyan Suriya və Ukraynadakı döyüşlərdə iştirak edib, hətta Solidar şəhərinin işğalındakı iştirakına görə Rusiya prezidenti Vladimir Putin tərəfindən təltif olunub. “Vaqner” muzdlularının bir qrupu Qarabağda olubsa, bu, müharibənin sonlarına yaxın noyabr ayında olub, onlar Azərbaycan ordusuyla real döyüşlərdə iştirak etməyiblər. “Vaqnerin” Qarabağda peyda olması Rusiya hakimiyyətinin icazəsi ilə baş verib. Əgər Kreml Azərbaycan ordusunun Qarabağda uğurlu həmlələrinin qarşısını almaq üçün “İsgəndər-M” raketlərindən istifadə edibsə, eyni məntiqlə muzdluları da Azərbaycan ərazisinə göndərə bilərdi”.