Xarici İşlər nazirinin sabiq müavini, diplomat (?) Nadir Hüseynov həqiqətən də “nadir tapıntı”dır. Bu adamın uzun illər ərzində spesifik və nadir üsullarla həyata keçirdiyi qanunsuzluqlar, antimilli fəaliyyət bu gün də çoxvektorlu şəkildə Azərbaycan dövlətinə zərər vurmaqdadır. 10 il xarici işlər nazirinin müavini vəzifəsini tutan N.Hüseynov 2020-ci ilin sentyabr ayında bu vəzifədən azad edildi. Əslində həmin ilin iyul ayında XİN-də həyata keçirilən əməliyyat dalğası ilk növbədə bu adamı da həbsə aparmalı idi, amma aparmadı. Vəzifədən çıxarılan, potensial məhkum N.Hüseynov xüsusi tapşırıqlar üzrə səfir təyin edildi. Nadir saxtakarlıqlara imza atan bu adam Nadir adının ona boş yerə verilmədiyini çoxdan sübuta yetirib. İndi isə əsl mətləbə gələk…
Nadir Hüseynov mentalitet, mənəviyyat və əxlaq qatilidir! Nə üçün?
Xalqımız bilmir ki, uzun illərdir Azərbaycana gəlib paytaxtımızda əxlaqsızlığı təbliğ edən, otellərdə, kirayə mənzillərdə, küçələrdə iyrənc həyat tərzi keçirən ərəbləri ölkəmizə gətirən “turist marşrut”un ideya müəllifi və əsl sahibi məhz Nadir Hüseynovdur!
Bəli, Azərbaycan xalqının qəzəb və söyüş subyektlərindən birinə çevrilən bu əxlaqsız təşəbbüsün müəllifi Nadir Hüseynovdur, xalqın mənəviyyatının alçadılması hesabına özünə xaniman – hökmdar səltənəti quran sabiq müavin! Ərəblər üçün hazırlanan tur paketə hava limanında viza, yüngül həyat tərzi keçirən müştərilərlə dolu otel otaqları daxil idi. Turist Bakıya gəlir, hava limanında ona viza verilir, sonra verilmiş viza qeydiyyata alınmır və alınan pul N.Hüseynovun başçılıq etdiyi dəstəyə çatır. O, viza blankları XİN-də çap olunduğundan və qeydiyyatı aparılmadığından ürəyi istədiyi qədər blank çap edə bilirdi. Bəs, ərəb turistlər üçün təşkil edilən bu şəraitdən əldə olunan çamadanlarla dollar hara daşınırdı? Təbii ki, Nərimanov rayonunda yerləşən və Nadir Hüseynova məxsus “Cənnət Gəncə” restoranına…
Nadir Hüseynovun daha bir nadir saxtakarlığına və rüşvət piramidasına diqqət edək.
Onun XİN-dəki kabinetinin çöldən tutacağı olmayıb, qapının açılması həmişə içəridən özü tərəfdən idarə olunub.
Nazir müavini vəzifəsindən əvvəl Konsulluq idarəsinin rəisi işləyən (12 il) N.Hüseynovun otağına girmək hər adama, eləcə də pul daşıyan kuryerlərin hamısına nəsib olmurdu. Həmin dövrdə bir arayışın appostil edilməsi, leqallaşdırılmasının dövlət rüsumu 5 manat olsa da, 400 manat ödəməli olurdun. 1 manat əksik ola bilməzdi. Nə üçün? Çünki Konsulluq İdarəsinin içində bütün otaqlar səsli kameralarla təchiz edilmişdi, N.Hüseynov da öz otağında oturub bütün prosesi izləyirdi. Adamın hər saatı, hər dəqiqəsi pul idi. Konsulluq idarəsindəki dəllallar da bilirdilər ki, otaqlar səsli kameralarla təchiz edilib, ona görə də “katyol”dan bir manat da olsun çəkə bilmirdilər. Əks təqdirdə, N.Hüseynov tərəfindən sərt şəkildə cəzalandırıla bilərdilər. Gündəlik 50 min dollardan artıq vizadan gələn pul diplomatik və xidməti pasportlardan əldə edilən qazancla rəqabət apara bilmirdi. Sizcə, N.Hüseynovun ölkədə pulla satdığı xidməti pasportların sayı nə qədər olardı? Dövlət qulluqçularının ümumi sayından daha artıq! Xidməti pasportları ayağını ölkədən kənara qoyan çox adamın cibində tapmaq olardı. 15 min manat pulunu verirdin, Avropa ölkələrində vizasız gəzirdin…