Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin onlayn iclası keçirilib.
Milli Məclisin mətbuat xidmətindən Pravda.az-a verilən məlumata görə, Milli Məclis Sədrinin müavini, komitə sədri Fəzail İbrahimli iclası açaraq gündəlik barədə məlumat verib.
Komitə sədri bildirib ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Gənclər siyasəti haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Könüllü fəaliyyət haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Reklam haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi ikinci oxunuşda müzakirəyə təqdim olunur.