Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidməti və Tibb Mərkəzində narazılıqlar höküm sürür. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, narazılıqların ilk səbəbi Tibb Xidməti və Tibb Mərkəzinin rəhbərlərinin fəaliyyətidir.
Bildirək ki, FHN-nin Tibb Mərkəzi Tibb Xidmətinin tabeçiliyində fəaliyyət göstərir. Buna baxmayaraq, Tibb Mərkəzinin rəisi, polkovnik Xanım Sofiyeva özünü tam müstəqil qurumun rəhbəri kimi aparır. Tibb Xidməti və Tibb Mərkəzinin rəsmi dövlət tədbirləri də Xanım Sofiyevanın rəhbərliyi ilə keçirilir.
16 dekabr 2014-cü ildə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun iştirakı ilə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində inşa olunmuş Tibb Xidmətinin Tibb Mərkəzinin yeni inzibati binasının açılışı edilsə də, hazırda bu müəssisənin fəaliyyəti iflic vəziyyətdədir. Nəticədə FHN-nin aşağı vəzifəli əməkdaşlarının sözügedən müəssisədə müalicə və müayinə olunmaları problemə çevirilib. Oraya müayinəyə gələn FHN işçilərinə başqa dövlət və özəl xəstəxanalara getmələri tövsiyyə edilir. Bu da ciddi nazrazılıqlara səbəb olur.
Hazırda Tibb Mərkəzinin binası ilə FHN Bakı Regional Mərkəzinin binasının yerdəyişməsi prosesi gedir ki, bunun üçün külli miqdara maliyyə vəsaiti ayrılıb və bu iş Xanım Sofiyevaya tapşırılıb. Bakının "20 Yanvar” deyilən ərazisində yerləşən Bakı Regional Mərkəzinin binasında iki ilə yaxındır ki, yenidənqurma və təmir-bərpa işləri aparılır. Amma işlər bitmək bilmir. Hələ bu azmış kimi, onlarla şirkətə Tibb Mərkəzinin 100 min manatlarla borcu yaransa da, verilmir və iş məhkəmələrə kimi gedib çıxır.
Nəticədə Biləcəri qəsəbəsində yerləşən Tibb Mərkəzində müalicə və müayinəyə gələn FHN işçiləri çıxılmaz vəziyətdə qalıblar. Onu da qeyd edək ki, sözügedən Tibb Mərkəzinin əksər tibbi avadanlıqları da yararsız hala düşüb.
Xanım Sofiyevanın rəsmi olaraq tabe olduğu Tibb Xidmətinin rəisi, polkovnik Pərviz Vəliyev isə öz "işindədir". Belə ki, rəis anası Məhbubə Vəliyeva ilə dərman istehsalı və satışı ilə məşğul olur. Pərviz Vəliyevin anası hazırda "Gilan” şirkətində biyan kökü dərmanı istehsalının brend sahibidir.
Qeyd edək ki, Tibb Xidmətinə məxsus dövlət nömrə nişanı "PF 065” olan avtomobil 11.000 AZN borc yarandığı üçün "Nurgun Motors" tərəfindən girov saxlanıb. Buna baxmayaraq, polkovnik rəhbəri olduğu qurumdan da pul qazanmağı unutmur. Həmçinin qeyd edək ki, Tibb Xidmətində rəisin qohumları, dostları ilə bərabər, FHN generallarının yaxınları da çalışır.
Pərviz Vəliyev yaxın dostunun oğlunu xidmətə təsərrüfat bölməsi üzrə rəis gətirib. Həmin şəxsə qanunsuz olaraq dövlət büdcəsi hesabına kirayə pulu ödəyir.