Son sutka ərzində sosial mediada ən çox müzakirə olunan məsələ Əməkdar artist, bəstəkar Elza Seyidcahanın Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul edilməsidir. Üzvlük biletini Elza Seyidcahana təqdim edən Yazıçılar Birliyinin sədr müavini Çingiz Abdullayevin məsələyə münasibəti aydındır, o, tənqidçilərin dediklərinə kifayət qədər sərt reaksiya verib. Musavat.com olaraq Yazıçılar Birliyinin sədri Anarın münasibətini öyrəndik.
- Anar müəllim, Elza Seyidcahanın Yazıçılar Birliyinə üzv qəbul edilməsinə reaksiyaları necə qarşıladınız?
- Şabrandayam. Mənim xəbərim yoxdur. Nə yazırlar?
- Tənqid edirlər…
- Olsun da. Biz neyniriksə, tənqid edirlər də. Onsuz qəbul eləsək də, eleməsək də, tənqid edirlər. Eləsinlər də, ayrı işləri yoxdur…
- Siz Elza Seyidcahanın yaradıcılığına bələdsiniz?
- Bəli, bələdəm.
- Ustad yazıçı və Yazıçılar Birliyinin sədri olaraq necə qiymətləndirirsiniz?
- Belə qiymətləndirirəm ki, o birilərdən əksik deyil. Yazıçılar Birliyinin üzvlərinin bir çoxundan…
- Deməli, Seyidcahanın üzvlük biletinə ürəkdən imzanızı atmızınız?
- Bəli, əlbəttə. Mən ürəkdən imza atmasam, atmaram…
- Bir anlıq düşündüm ki, bəlkə bu addım Yazıçılar Birliyində gender bərabərliyinin təmin olunmasına yönəlik addımdır.
- Yox, onsuz da Yazıçılar Birliyində gender bərabərliyi var. Biz ancaq istedada baxırıq. Kimin istedadı, qabiliyyəti var, səmimi şəkildə buranın üzvü olmaq istəyir, onu da qəbul edirik. Kim qalmaqal yaratmaq üçün gəlirsə, onları qəbul etmirik.