Türkiyə KİV-ləri Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşündə çıxışını geniş işıqlandırıb. “Report” xəbər verir ki, “Haber Global” Azərbaycan Prezidentinin Fransanın müstəmləkə siyasəti ilə bağlı fikirlərinə diqqət çəkib. “Əliyev: Fransa müstəmləkə keçmişinə və soyqırım cinayətlərinə görə üzr istəməlidir” başlıqlı xəbərlə Prezident İlham Əliyevdən geniş sitat təqdim edib.
“Fransa müstəmləkə keçmişinə və soyqırımı cinayətlərinə görə üzr istəməlidir. Ermənistanın fəaliyyətinə görə Azərbaycan dünyada ən çox minalanmış ölkələrdən biridir. Fransa Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyir. Fransa müstəmləkə keçmişinə və soyqırım cinayətlərinə görə üzr istəməlidir. Niderland müstəmləkə keçmişinə və köləlik fəaliyyətinə görə üzr istəyərək bunu etdi və biz Fransanı da eyni şeyi etməyə çağırırıq. Əlcəzairəsilli Naelin öldürülməsi Fransada irqçilik və ayrı-seçkiliyin yeni nümunəsidir. Fransa başqalarına mühazirə oxumaq əvəzinə öz ölkəsindəki narahatedici problemlərə diqqət yetirməlidir. Fransa hələ də neokolonializmi qoruyan ölkələrdən biridir”, - deyə sitatda qeyd olunub.
“Haber.com” saytı isə İlham Əliyevin “Ermənistan regionda sülh istəyirsə, silahlı qüvvələrini Qarabağdan tamamilə çıxarmalıdır” sözlərini önə çəkib.
"Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımağa məcbur olsa da, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində hələ də erməni silahlı qüvvələrinin qalıqları var. Əgər Ermənistan həqiqətən də regionda çoxdan gözlənilən sülhün əldə olunmasında maraqlıdırsa, o, öz silahlı qüvvələrini Azərbaycanın Qarabağ bölgəsindən tamamilə çıxarmalıdır. Bölgədəki erməni hərbi ünsürləri tərksilah edilməli və demobilizasiya edilməlidir”, – deyə sayt İlham Əliyevdən sitat təqdim edib.
Portalda, həmçinin, İlham Əliyevin çıxışında Zəngəzur dəhlizi ilə bağlı söylədiklərinə də diqqət çəkilib: “Ermənistan Zəngəzur dəhlizinin açılmasına da mane olur. Zəngəzur dəhlizi Ermənistanın 10 noyabr 2020-ci ildə imzaladığı kapitulyasiya sənədi ilə üzərinə götürdüyü növbəti öhdəlikdir və buna görə də yerinə yetirilməlidir”.