“Elza Seyidcahanın Yazıçılar Birliyinə üzv olması Azərbaycan mədəniyyətinə xələl gətirmir” Bunu "525-ci qəzet"in baş redaktoru, Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin sədri Rəşad Məcid Bakupost.az -a açıqlamasında deyib. Rəşad Məcid qeyd edib ki, Elza Seyidcahan fitrətən istedadlı bir insandır. Onun şeirləri bir az gülüşlə və qeyri-adi qarşılanır. Bunu da Elza Seyidcahan qəsdən, bilərəkdən, məhz diqqəti cəlb etmək üçün edir:
“Mən şəxsən Elza Seyidcahanı yüksək qiymətləndirirəm. Onun fərqliliyə can atması və orijinal görünməsinə təbii baxıram. Öz sözünü demiş, ciddi şəxslərin bu məsələyə çox soyuqqanlı münasibəti məni qane etdi. Elza xanım şeirlərində fərqli ifadələrdən istifadə edir. Bəzən o ifadələr insanlara çox təəccüblü gəlir, gülüş doğurur, heyrət və aqressiya yaradır. Demək olmaz ki, Elza Seyidcahan mütaliəsizdir. O, Azərbaycan ədəbiyyatına bələddir. Bir dəfə hətta Nəsiminin elə bir qəzəlindən misal çəkdi ki, ictimaiyyət xeyli dərəcədə heyrətləndi”.
R.Məcidin sözlərinə görə, Yazıçılar Birliyinin 2000-dən çox üzvü arasında Elza Seyidcahanın olması heç də təəccüblü deyil:
“Elza Seyidcahan artıq uzun illərdir Yazıçılar Birliyi ilə əməkdaşlıq edir. Yazıçılar Birliyinin Azərbaycanda və digər ölkələrdə keçirilən müxtəlif tədbirlərində çıxışları olub. Elza Seyidcahan təxminən iki-üç il əvvəl Yazılar Birliyinə üzv olmaq arzusunu dilə gətirib. Onun bir kitabı da var. Kitab təqdimatında xeyli nüfuzli insanlar iştirak etmişdi. Məsələn, onun “Əşyalarım” adlı şeirini mən maraqla oxumuşam və dinləmişəm. Bu mənada onun arzusu Yazıçılar Birliyində müzakirə olundu. Bəzi katiblər onun üzv olmağının əleyhinə idilər. Amma ümumi rəy belə oldu və katibliyin qərarı ilə biz Elza Seyidcahanı üzvlüyə qəbul etməyi məqbul saydıq. Elza Seyidcahanın AYB-ə üzv olmasında təhlükəli və qorxulu bir şey yoxdur”.
Rəşad Məcid bu məsələyəı sərt reaksiya verən sosial şəbəkə istifadəçilərinə bir az təmkinli olmağı arzulayıb:
“Sosial şəbəkədə belə böyük bir ajiotajın və aqressiyanın olmasını çox təəccüblə qarşıladım. Yazıçılar Birliyinin 2000-dən çox üzvü var. Elza Seyidcahanın Yazıçılar Birliyinin üzvü olmasına niyə bu cür reaksiya verdilər, çox maraqlıdır. Belə baxıram ki, hamı emosional tərzdə münasibət bildirdi. Bu, ümumiyyətlə, sosial şəbəkələrin mahiyyəti barədə düşünməyə vadar edir. İctimaiyyət belə adi, cılız mövzulara yer ayırmaqdansa, daha ciddi məsələlər ətrafında müzakirələr aparmalıdır. Həmçinin, Baba Vəziroğlunun fikirlərini oxudum. Bəzi kəsimlər onun fikrini konteksdən çıxarırlar. Mirzə Ələkbər Sabir ilə Elza xanımı müqayisə etmək əlbəttə, bir az yersizdir. Amma Baba Vəziroğlunun fikrinin mahiyyəti onları müqayisə etmək deyildi. Şübhəsiz ki, Sabir Azərbaycanın böyük klassik şairidir”.