Müxtəlif ölkələrdə yayılan koronavirus pandemiyası insanlarla yanaşı iqtisadiyyatlara da ciddi təhdidlər yaradıb. Hətta inkişaf etmiş dövlətlərdə işsizlərin sayı və sosial problemlər artır. Azərbaycan prezidenti İlham Əliyev ilk gündən iş adamlarına tapşırıb ki, yaranmış vəziyyətə baxmayaraq heç kim işdən çıxarılmasın. Bu yanaşma Azərbaycanın sosial dövlət prinsipinə uyğundur. Bu siyasətin davamı kimi heç bir yerdən gəliri olmayan vətəndaşlarımıza 190 manat ayrıldı. Əvvəlcə 200 min nəfərə 190 manat ayrılmışdısa, daha sonra 600 min nəfərə yardım etmək qərarı verildi. Prezidentin tapşırığı ilə eyni maddi yardımın may ayında da vətəndaşlarımıza çatdırılacağı açıqlandı.
Yardımlaşma, bir-birimizə dəstək, qanvermə aksiyalarındakı fəallığımız, qanunlara riayət etməyimiz bizi bir millət olaraq daha da kamilləşdirir, vətəndaşlar arasında ictimai əlaqələri gücləndirir. Bundan başqa, koronarivusla mübarizə zəminində pis vərdişlərdən də uzaqlaşırıq, elə etməliyik ki, koronavirus dövrü bitdikdən sonra da formalaşdırdığımız müsbət keyfiyyətləri qoruyaq və inkişaf etdirək.
Dövlətimizin növbəti addımı kimi kiçik və orta sahibkarlara vergi güzəştlərinin tətbiqini göstərə bilərik. Bu güzəştlərin əsas məqsədi pandemiya ilə əlaqədar yarana biləcək çətinlikləri aradan qaldırmaq və iqtisadi potensialımızın gücünü artırmaqdır. Bir çox dövlət, o cümlədən qonşularımız müxtəlif maliyyə qurumlarından yardım almaq üçün növbəyə dayanıblar. Azərbaycan heç kimdən yardım istəmir, resurslarımız kifayət qədərdir, sadəcə bu resurslarımızdan səmərəli istifadə etməliyik.