Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Azərbaycana təzyiq etməyin mənası yoxdur…” - Səməd Seyidov

1 422
Paylaş:
Azərbaycana təzyiq etməyin mənası yoxdur…” -     Səməd Seyidov

Ali Məhkəmənin İlqar Məmmədov və Rəsul Cəfərovla bağlı qərarını müsbət qiymətləndirirəm. Birincisi, bunu ölkədə aparılan siyasətin məntiqi nəticəsi və insan haqları ilə bağlı Azərbaycan dövlətinin-iqtidarın növbəti yüksək səviyyəli bir qərarı kimi dəyərləndirirəm. Artıq uzun müddətdir ki, cənab Prezident xüsusilə insan haqlarının qorunması ilə ardıcıl olaraq siyasi addımları atmaqdadır. Onların içərində yeni qanun layihələrinin təqdim olunması, müvafiq fərmanların imzalanması, məhbusların həbsxanalardan buraxılması, humanitar məqsədlərlə insanların-məhkumların 65 yaşından sonra əfv edilməsi, həm vətəndaş cəmiyyətinin inkişafı, həm vətəndaş cəmiyyətindən fərqli olaraq siravi vətəndaşların qayğıları ilə bağlı addımların atılması hamısı cənab Prezidentin apardığı siyasətin həlqələridir. Bu siyasət belə bir çətin dövrdə, dünyanı bəlaya salmış koronavirus pademiyası ilə bağlı prosesdə Azərbaycanı nümunəvi bir dövlət kimi beynəlxalq aləmə təqdim etməyə imkan verir. Ona görə ki, real addımlar atılır.

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Ali Məhkəmənin İlqar Məmmədov və Rəsul Cəfərovla bağlı son qərarına və bu qərarın ölkədaxili proseslərə təsiri məsələsinə münasibətini bildirərkən deyib.

“Bir daha təkrar edirəm ki, bu, çox ciddi və vacib məsələdir. Ən azı bir neçə məsələyə görə. Birincisi, bu addım uzun müddətdir Avropa Şurasında, başqa beynəlxalq təşkilatlarda siyasətləşdirilmiş və Azərbaycana qarşı istifadə olunan bir arqumenti Azərbaycanı istəməyən qüvvələrin əlindən çıxarıb tamamilə darmadağın etmək deməkdir. Bunu mütləq bu cür qiymətləndirmək lazımdır ki, bundan ölkəmizə qarşı bir alət kimi istifadə olunurdu. Çünki, bu, əslində hüquqi bir müstəvidə təhlilinə ehtiyacı olan bir proses idi”-deyən S. Seyidovun sözlərinə görə, məhkəmədə öz həllini tapacaq bir proses bəzi oyunbazlar, siyasətbazlar, o cümlədən, Azərbaycanı istəməyən qüvvələr tərəfindən süni şəkildə Azərbaycana qarşı istifadə olunurdu.

“Bəlkə də yadınızdadır, Avropa Şurasının Parlament Assambleyasının yanvar sessiyasında məruzəçi ( ona heç məruzəçi adı da düşmür) Torhildur Sunna Evarsdottir bu məsələni qaldıraraq, xüsusilə vurğulamışdı ki, bu, öz həllini tapmır, bu məsələ ilə bağlı vəziyyət belədir, elədir və sairə. Mən həmin vaxt ona ciddi şəkildə etiraz bildirmiş, eyni zamanda, demişdim ki, Avropa Şurasına konstruktiv yanaşma, məsələləri normal, sivil, sakit müzakirə etməyi təklif etmişdik. Siz isə burada şou düzəldib Azərbaycana qarşı ittihamlarla çıxış edirsiniz. Həmçinin, qeyd etmişdim ki, ermənilərin məhbusları türmələrdə saxlaya-saxlaya, öldürə-öldürə, siyasi məhbusları yarada-yarada onların bu problemlərini araşırdırmısınız və onlar bizə qarşı sizin “faktlarınızdan” istifadə edərək hücum edirlər. Bu, bir biabırçılıqdır. Sözümün canı ondan ibarətdir ki, bu məsələ çox vacibdir. Ona görə çox vacibdir ki, bu məsələ-bu arqument ilk öncə bu adamların, bu qurumların, Azərbaycana qarşı işləyən qüvvələrin əlindən alındı. Artıq mən biləni Avropa Şurasının baş katibi də bu məsələyə öz müsbət münasibətini bildirib. Mən özüm də bununla bağlı Avropa Şurasına məktub göndərmişəm. Onlar da çox güman ki, müsbət münasibət bildirəcəklər, onlar da dəstəkləyəcəklər bu məsələni. Eyni zamanda, təkcə Avropa Şurası yox, başqa beynəlxalq təşkilatlar da bunu edəcəklər. Bu, birinci məsələ.

İkinci vacib məsələ ondan ibarətdir ki, bu hadisə göstərdi ki, Azərbaycana təzyiq etməyin mənası yoxdur. Bu məsələ ilə bağlı Azərbaycana dəfələrlə təzyiq edilib. Onun müstəqil məhkəməsinə təzyiq etmək istəyirlər. Onun hüquq-mühafizə orqanlarına təzyiq etmək istəyirlər. Onlar Milli Məclisə təzyiq etmək istəyirlər. Onlar hökumətə təzyiq etmək istəyirlər. Onlar nəhayət cənab Prezidentə təzyiq etmək istəyirlər. Alınmayıb, alınmır və bundan sonra da heç vaxt alınmayacaq. Ona görə ki, Azərbaycan müstəqil bir dövlətdir. Cənab Prezidentin apardığı siyasət dəqiq siyasətdir. Cənab Prezidentin cəsarətli, yüksək səviyyəli siyasəti Azərbaycan xalqına mənafeyinə, onun maraqlarına söykənən bir siyasətdir. Bu siyasətə təsir göstərməyə, birincisi, heç kimin ixtiyarı yoxdur, ikincisi, buna müdaxilə etməyə heç kimin artıq gücü çatmayacaq…

Üçüncüsü, Ermənistanın xarici işlər nazirinin bugünlərdə “Azərbaycan torpaqlarını azad etməyəcəyik, heç bir kompromisə getməyəcəyik…” tipli fikirləri məhz onun acizliyindən irəli gəlir. O, başa düşür ki, artıq dünya ictimaiyyəti, beynəlxalq aləm, ATƏT-in Minsk qrupu, həlledici gücə malik olan dövlətlər artıq Azərbaycanı hansısa bir kompromisə yox, Ermənistanı Azərbaycanın təklif və dünyanın qəbul etdiyi prinsiplərə yaxınlaşdırmaq istəyirlər. Onun isterik bəyanatları məhz bundan irəli gəlir və bütövlükdə hamısı başa düşür, dərk edirlər ki, güclü yox, zəif mövqeyə malik olan tərəf yalnız bu cür məntiqsiz, səviyyəsiz, regionda vəziyyəti gərginləşməyə aparan məsuliyyətsiz bəyanatlar verər. Bəlkə də sizin verdiyiniz sualla bu məsələnin ilk baxışdan əlaqəsi yoxdur, ancaq  bunların arasında çox ciddi əlaqə var. Ona görə ki, heç kim nə Azərbaycanın siyasi iradəsinə, nə Azərbaycanın dövlətinin müstəqil məhkəməsinə, nə də Azərbaycan xalqının müstəqil şəkildə öz taleyini həll etmək imkanına müdaxilə edə bilər…“-deyə, S. Seyidov sözlərinə əlavə edib. Etikxeber.az

Paylaş:

Ən son xəbərlər